
Bakı. Trend:
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı
çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası
keçirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Laçın
rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə
təşkilatçılığı ilə baş tutub.
Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qanla
təminatına yardım məqsədilə təşkil olunan aksiyada Laçın rayonunda
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon Mərkəzi
Xəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada Səhiyyə Nazirliyi Respublika Qan Bankının Bərdə
bölməsinin xüsusi tibb briqadasının həkimləri tərəfindən donorların
sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan
götürülüb.


