
Bakı. Trend:
Bu ilin yanvar – oktyabr ayları ərzində Naxçıvan Muxtar
Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
xətti ilə büdcəyə 208,9 milyon manata yaxın vergi daxil olub ki, bu
da ötən ilin eyni dövrünə nisbətən 15,8 faiz və ya 28,5 milyon
manat çoxdur.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 147,6
milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
bu sektordan vergi daxilolmaları 27,5 milyon manat və ya 22,9 faiz
artıb. Ödənilən vergilərin 70,7 faizi qeyri-dövlət sektorunun, 29,3
faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan
Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə
daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz
artaraq 3,8 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbi
sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən
8,8 faiz artıb və 25,2 milyon manatdan artıq təşkil edib.


