
Horadiz–Ağbənd dəmir yolu xəttinin 99-cu kilometrində təhlükəsizlik məqsədilə qalereya inşa olunur.
“Report”un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin tikinti meneceri Əlövsət Cavadov bildirib.
Onun sözlərinə görə, dəmir yolu xəttinin bu hissəsi dağlıq və qayalıq ərazidə yerləşdiyi üçün qaya parçalarının qoparaq rels üzərinə düşməsi ehtimalı var: “Ərazinin relyefi nəzərə alınaraq burada əlavə qoruyucu qalereya layihələndirilib. Qaleriyanın uzunluğu 108 metrdir və monolit dəmir-betondan inşa olunur”.
Ə. Cavadov bildirib ki, Horadiz–Ağbənd dəmir yolu xəttində ümumilikdə 4 tunel və 3 qalereya tikilir: “Bu mühəndis qurğuları həm təhlükəsizliyi, həm də infrastrukturun uzunömürlülüyünü təmin etməyə xidmət edir. Layihə çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə davam etdirilir və hazırda tunellərdə işlərin 71 %-i başa çatıb”.
Onun sözlərinə görə, qalereyanın inşasının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


