
Bakı. Trend:
Hazırda Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən
Tibbi Müəssisələrin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi
bu sahədə sistemli şəkildə fəaliyyət göstərir. İki il ərzində
peşəkar cəmiyyətlərlə sıx əməkdaşlıq qurulub və ardıcıl şəkildə
protokollar təqdim olunur, müvafiq şura tərəfindən təsdiqlənir. Bu
proses beynəlxalq təcrübəyə əsasən illərlə vaxt tələb edir, lakin
inanırıq ki, növbəti üç il ərzində vahid standartlar əsasında
əsaslı sənəd bazasına sahib olacağıq.
Trend xəbər
verir ki, bunu bu gün səhiyyə naziri Teymur Musayev Milli Məclisin
bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.
“Dövlət müəssisələrindəki radioloji və laborator xidmətlərin
özəl qurumlarla əməkdaşlıq əsasında təşkilinə dair suallar da
verildi. Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqat
institutu daxilində bu xidmətlər həmin müəssisələrin bölmələri
tərəfindən həyata keçirilir və əldə olunan gəlir birbaşa həmin
institutlara məxsusdur. Bu gəlirlər də əsasən əməkhaqqı
əlavələrinin və həkimlərin rifahının təmin edilməsinə yönəlir” –
deyə nazir bildirib.
T.Musayev vurğulayıb ki, vahid yanaşmanın təmin olunması üçün
artıq layihə hazırlanaraq aidiyyəti qurumlara göndərilib:
“Qısa müddətdə bu yanaşmanın tətbiq ediləcəyini və bu sahədəki
sualların gündəmdən düşəcəyini düşünürük”.


