“ƏDV geri al” üzrə 156,7 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – oktyabr ayları ərzində “ƏDV geri al” üzrə 156,7
milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.




Belə ki, hesabat dövründə ölkə ərazisində pərakəndə ticarət və
ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz
məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları
istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti
və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə,
habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan
fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə
ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara
qaytarılmış həcmi 156 milyon 759,9 min manat olub.

Qeyd edilib ki, 2025-ci ilin 9 ayında xarici vətəndaşlar
tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış
mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”)
məbləği 8 milyon 964,6 min manat təşkil edib.