Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Zəfər Günümüz növbəti zəfərlərin başlanğıcı oldu – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan
qürur günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 44 gündə 30 illik işğala son qoyuldu, ərazi
bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan
xalqı qalib xalqa çevrildi. Artıq beş ildir bayramlarımız sırasına
8 Noyabr şanlı Zəfər Günü kimi daxil olub. Hər bir bayram daim onun
mahiyyətinin təqdimatı üçün keçilən yolun təhlilini bir zərurət
kimi qarşıya qoyur. Bu gün qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz
1993-cü ildə – Azərbaycanın ən çətin günlərində xalqın təkidli
tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından
başlanan yolun uğurlarının zirvəsində dayanır.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyuldu. Sonrakı dövrdə həyata keçirilən kompleks
tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım
yaxınlaşdırdı. İşğal altında olan torpaqlarımızın düşməndən azad
edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın
dalğalanması keçmiş işğal dövrü ərzində dövlət siyasətinin strateji
hədəfi oldu. Azərbaycanın iqtisadi inkişafı müstəqilliimizin və
suverenliyimizin qarantı olan ordumuzun daha da gücləndirilməsi,
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı
addımlar atılmasını şərtləndirdi. Azərbaycan Ordusu ən müasir
silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş
qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi
üçün bütün zəruri tədbirlər görüldü. Prezident İlham Əliyevin
rəhbərliyi ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan
iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik
Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan 44
günlük İkinci Qarabağ müharibəsində özü icra etdi. Rəşadətli
ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar,
vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə
öz əvəzsiz töhfəsini verdi. Onların fədakarlığı, qəhrəmanlığı,
torpaq, Vətən sevgisi bir dastana çevrildi. Xalqımızın öz Lideri
ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik
nümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 44 günlük Vətən
müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatının ilk
saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.
44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni
kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri,
zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi
ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində
düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. Silahlı
Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başladığı uğurlu
əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə
və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90
kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun
Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun
Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı
şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri,
Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ
istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə
Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız
yüksəklik azad olundu. Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli
Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin
Bəyanata uyğun olaraq, işğalçı Ermənistan noyabrın 20-də Ağdam,
25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycana
təhvil verdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa
əməliyyatı dayanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev 2020-ci ilin 8 Noyabr tarixində Qarabağın tacı Şuşanın
işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa
çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt
hiss etdiyini bildirdi. Prezident İlham Əliyev 44 günlük İkinci
Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı
müsahibələrində bu məqamı xüsusi qeyd edirdi ki, Şuşasız bizim
işimiz yarımçıq olar.

Millət vəkili bildirib ki, XXI əsrin müharibəsini aparan
Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf
etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi
Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi
əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb
mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və
Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər
Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi
taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bu ordunun
qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç
bir şansı olmayacaqdı.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yalnız döyüş
meydanında deyil, informasiya cəbhəsində də üstünlüyünü qorudu.
Dövlət başçısı İlham Əliyevin 30-dan artıq xarici mətbuata
müsahibələrinin hər biri Azərbaycanın diplomatik uğurudur.
Müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali
Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni
üslub, yeni model nitq strategiyası hesab edilə bilər.
Müsahibələrini real mübarizə üsuluna çevirən Prezident İlham Əliyev
informasiya müharibəsində də qalib oldu. Onun bu müsahibələr
vasitəsilə dünyaya səsləndirdiyi çağırışlar keçmiş münaqişə ilə
bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, “Dəmir yumruq” əməliyyatı
milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar erməni lobbisinin çirkin kampaniyalarına
qarşı fədakarlıqla mübarizə apardılar. Ön və arxa cəbhədə sarsılmaz
birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq”
kimi səciyyələndirilir. Vətən müharibəsi ərəfəsində, müharibə
zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan,
dövlət başçısı İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və
müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir
ayrılığının olmadığını da nümayiş etdirdi. Azərbaycan xalqının
tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə
siyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası və qondarma
“Milli Şura”nın iştirak etməməsi bir daha onların antimilli
xislətini ifşa etdi. Siyasi partiyaların rəhbərləri öz birgə
bəyanatlarında Ermənistanın işğalçı siyasətini şiddətlə qınadılar,
həmçinin mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının
insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar
tərəfindən qiymətləndirilməsini tələb etdi.

Milli Məclisin deputatı bu məqamı da xüsusi qeyd edib ki, 44
günlük Vətən müharibəsi həqiqət anı kimi də dəyərləndirilir. Kimin
haqqın, kimin isə təcavüzkarın yanında olduğu bir daha təsdiqləndi.
Azərbaycan 30 illik işğal dövründə dünya güclərinin ikili
standartlara əsaslanan siyasətini daim öz üzərində yaşamışdı.
Ədalət və beynəlxalq hüquq məfhumları bəzi dünya güclərinin
maraqlarının arxasında dayanaraq problemlərin daha da
dərinləşməsinə, Ermənistanın yeni ərazilər üzrə müharibə planlarına
gətirib çıxardı. Bu yanaşmalar Vətən müharibəsində bir daha özünü
nümayiş etdirdi. Müharibənin ilk günündən Azərbaycanın yanında olan
Türkiyə və Pakistanın mənəvi, siyasi dəstəyi daim dövlətimiz,
xalqımız tərəfindən yüksək dəyərləndirilir. İkinci Qarabağ
müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın
müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun
yanındadır” bəyanatı Azərbaycana əlavə güc verdi. Tarixi
Zəfərimizdən sonra, 2021-ci ilin 15 iyun tarixində Şuşa
Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən
müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə –
siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin
həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu
istiqamətində göstərir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi
kimi, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa,
bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin reallıqları əsasında hazırda
azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq
işlərindən geniş bəhs edib. Azad edilmiş ərazilərə səfərləri ilə
Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı,
həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində
olduğunu əyani nümayiş etdirmişdir. Tarixi Zəfərimizin
əbədiləşdirilməsinə xidmət edən mühüm addımların tərkib hissəsi
olaraq bu torpaqlarda İşğal və Zəfər muzeyləri inşa edilir.
İnfrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Yeni
yollar – avtomobil, dəmir yolları tikilir. Beynəlxalq Hava
limanları inşa edilərək artıq istifadəyə verilib. Qarabağ və Şərqi
Zəngəzur Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları
vasitəsilə hava qapılarını dünyaya açdı. İnsanların bu torpaqlarda
rahat yaşayışını təmin etmək üşün bütün zəruri addımlar reallığa
çevrilir. Prezident İlham Əliyev 16 noyabr 2022-ci il tarixində
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”
Sərəncam imzaladı. Tarixi Zəfərimizdən ötən müddət ərzində işğaldan
azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan
təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun
qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya
xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması
istiqamətində mühüm işlər görülüb.

Statistik rəqəmlərə diqqət yetirək. Azad olunmuş ərazilərin
bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait
ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15
yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin
yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda
27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin
təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli
qoyulub. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın
davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin
2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair II Dövlət Proqramı” layihəsi hazırlanır. Hazırda Qarabağ və
Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı,
bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı
dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,
turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil
alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan
yaşayır.

Vüqar Rəhimzadə tarixi Zəfərimizin davamı olaraq 2023-cü il
19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi
bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam
bərpasından, regionda dayanıqlı sülhün təmin edilməsi üçün
Azərbaycanın atdığı konstruktiv addımlardan da bəhs edib. Bildirib
ki, bütün bunlar tarixi Zəfərimizin reallıqlarıdır. Azərbaycan
xalqı əmindir ki, bu zəfərlər davamlı olacaq. Azərbaycan tarixi
ədalətə söykənərək hər bir hədəfə yüksək səviyyədə nail olacaq.
Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan yeni-yeni
uğur zirvələrini fəth edəcək.