Hazırda hemodializ üzrə xəstə sıxlığı və kadr çatışmazlığı müşahidə olunur – Şöbə müdiri

Baş səhifə

Bakı. Trend:

“Ölkə üzrə hazırda 47 hemodializ mərkəzi fəaliyyət göstərir.
Onlardan 11-i Bakı və ətraf ərazilərdə, 36-sı isə regionlarda
yerləşir. Ümumilikdə 4200-dən çox xəstə əvəzedici böyrək müalicəsi
alır. “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi
xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiya” hər
həftə 50–60 yeni xəstəni qəbul edir və onları yaşadıqları yerə
yaxın mərkəzlərə yönləndirir.

Trend-in
xəbərinə görə, Komissiyanın sədri, Nizami Tibb Mərkəzinin
Hemodializ şöbəsinin müdiri Çiçək Əhmədova, bu barədə TƏBİB-in
İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb
müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə məlumat
verib.




O, həmçinin bəzi mövcud problemlərə də diqqət çəkib. Çiçək
Əhmədovanın sözlərinə görə, hazırda Bakı və bəzi regionlarda xəstə
sıxlığı və kadr çatışmazlığı müşahidə olunur.

Komissiya sədrinin sözlərinə görə, yaxın dövr üçün əsas
prioritetlər dializ mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi,
“Dializ məktəbi”nin yaradılması, tibb personalının ixtisas
səviyyəsinin artırılması, xəstələrin uçot sisteminin
rəqəmsallaşdırılması, vahid nəzarət və məlumat bazasının
formalaşdırılması, avadanlıqların modernləşdirilməsi və yeni
müalicə metodlarının tətbiqidir.