
Bakı. Trend:
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media
Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq
Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət
ediblər.
Trend xəbər
verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə
baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və
arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət
göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi
məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə
şəkilləri çəkdiriblər.
Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer
iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər
arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən
“Gənc arıçı” layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə
iştirak ediblər. Yarmarkaya 4 “Gənc arıçı” ailəsi tərəfindən
ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.
Xocalı rayonunda fəaliyyət göstərən “Güllü Yaylaq” arıçı
kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin
yaradıcısı – Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova
uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların
kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq
ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların
istehsalını təşviq etməkdir. Hazırda “Güllü Yaylaq” kooperativi 5
üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla
400 kiloqram məhsul təqdim edib.
Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında
Kəlbəcər rayonunda keçirilmiş “Kəlbəcər bal festivalı 2025”in
iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.
Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında
Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının
keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin
göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və
keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə
çevrilməkdədir.
Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox
müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.

