Naxçıvanda bir sıra dövlət orqanlarının qurumlarının mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

5 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və
Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar
Respublikasında fəaliyyət göstərən bir sıra dövlət orqanlarının
(qurumlarının) mətbuat xidmətlərinin nümayəndələri üçün təlim
keçilib.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumat
verilib.

Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin
Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova vurğulayıb ki,
informasiya və kommunikasiya mühitinin dinamik şəkildə
transformasiya olunduğu müasir dövrdə dövlət qurumlarının mətbuat
xidmətləri ictimaiyyətin operativ və etibarlı
məlumatlandırılmasının təmin edilməsində strateji əhəmiyyət kəsb
edən institusional funksiyanı yerinə yetirir. O, qeyd edib ki, bu
kimi peşəkar təlimlərin təşkili ictimaiyyətlə əlaqələr üzrə
mütəxəssislər və media nümayəndələri arasında qarşılıqlı
əməkdaşlığın dərinləşməsinə, kommunikasiya proseslərinin
səmərəliliyinin artırılmasına və informasiya mübadiləsinin
dayanıqlı əsaslar üzərində formalaşmasına mühüm töhfə verir.

Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Bəhruz Nəzərov
çıxışı zamanı qeyd edib ki, müasir informasiya cəmiyyətində dövlət
qurumlarının mətbuat xidmətləri sağlam ictimai rəyin
formalaşdırılmasında həlledici rola malikdir. O bildirib ki,
mətbuat xidmətlərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi,
informasiya axınının koordinasiyalı şəkildə təşkili və böhran
vəziyyətlərində çevik reaksiya qabiliyyətinin artırılması
baxımından belə təlimlər xüsusi əhəmiyyət daşıyır və peşəkar
kommunikasiya mədəniyyətinin inkişafında müstəsna rol oynayır.




“Strateji kommunikasiya yanaşmaları və böhran dövrlərində
effektiv idarəetmə” mövzusunda təqdimatla çıxış edən Medianın
İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva
qeyd edib ki, sürətlə dəyişən informasiya mühiti şəraitində
ictimaiyyətlə sistemli kommunikasiya strategiyasının
formalaşdırılması dövlət qurumları üçün mühüm əhəmiyyət kəsb edir.
O vurğulayıb ki, düzgün strukturlaşdırılmış kommunikasiya modeli
təkcə məlumatların operativ və ardıcıl şəkildə təqdim olunmasını
deyil, eyni zamanda ictimai etimadın möhkəmləndirilməsini və
institusional reputasiyanın qorunmasını təmin edir.

Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda
media mühitinin hüquqi tənzimlənməsində yeni yanaşmalar” mövzusunda
təqdimatla çıxış edərək ölkədə media qanunvericiliyi sahəsində
həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər barədə
ətraflı məlumat verib. O rəsmi məlumatların yayımı prosesində
hüquqi tələblərə riayət olunmasının vacibliyini vurğulayaraq qeyd
edib ki, şəxsi məlumatların müdafiəsi, dezinformasiya risklərinin
minimuma endirilməsi media sahəsində hüquqi mədəniyyətin
formalaşmasında və peşəkar etik standartların möhkəmləndirilməsində
mühüm rol oynayır.

Təlimin yekununda Medianın İnkişafı Agentliyinin Naxçıvan
regional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən “Media
savadlılığı: informasiyanın etibarlılığının təmin edilməsi və
dezinformasiyaya qarşı mübarizədə effektiv yanaşmalar” mövzusunda
interaktiv vörkşop keçirilib. Sessiya çərçivəsində mətbuat
xidmətlərinin rəqəmsal informasiya mühitində risklərin analizi və
idarə edilməsi, məlumat mənbələrinin etibarlılığının yoxlanılması,
eləcə də rəsmi kommunikasiya standartlarına uyğun fəaliyyət
vərdişlərinin təkmilləşdirilməsi istiqamətində praktiki müzakirələr
və təcrübi tapşırıqlar həyata keçirilib.