Bakı. Trend:
Hazırda sosial pedaqoqların bir mexanizm kimi formalaşması
dövrünü yaşayırıq.
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil
Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel
Səfərova Təhsil TV-nin “Təhsil saatı” proqramında deyib.
O bildirib ki, bu mərhələ çox önəmlidir, çünki gələcəkdə sosial
pedaqoqların peşəkar sosial işçilərə çevrilməsi əsas məqsədlərdən
biridir. Azərbaycanda sosial işçi platformasının formalaşdırılması
və bu sahədə ixtisaslı kadrların hazırlanması istiqamətində də
işlər aparılır.
Rəis müavini qeyd edib ki, hazırda sosial pedaqoqların sayı
hələlik kifayət qədər olmasa da, bu proses mərhələli şəkildə davam
etdirilir. Onun sözlərinə görə, daimi icması olan məktəblərdə
neqativ hallar daha az müşahidə olunur, çünki icma üzvləri bu
məsələlərin həllinə yaxından qoşulurlar.
“Bir kənddə bir məktəb varsa, orada hamı bir-birini tanıyır,
hörmət edir. Belə mühitdə kiminsə uşağına qarşı hər hansı fiziki
zorakılıq halı baş verərsə, icma dərhal müdaxilə edir və məsələ çox
vaxt yerində həll olunur. Amma dəyişkən icmaların olduğu
məktəblərdə sosial pedaqoqların müdaxiləsinə daha çox ehtiyac
yaranır”, – deyə Günel Səfərova əlavə edib.
O vurğulayıb ki, sosial pedaqoqlar ailənin sosial və psixoloji
vəziyyətini, valideynin himayə səviyyəsini, eləcə də uşağın
məktəbdəki davranışını və adaptasiyasını müşahidə edirlər.
“Onlar məktəblə ailə arasında körpü rolunu oynayırlar”, – rəis
müavini qeyd edib.

