Əməkdaşlıq suverenliyə zərbə deyil, onun möhkəmlənməsidir – Həməd Əl-Hacri

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq təşkilatlarla, xüsusilə Birləşmiş Millətlər Təşkilatı
ilə əməkdaşlıq suverenliyə xələl gətirmir, əksinə, onun əsasını
daha da möhkəmləndirir.

Trend xəbər
verir ki, bunu bu gün Qətər Dövləti Milli İnsan Hüquqları
Komitəsinin Proqramlar və Maarifləndirmə Departamentinin direktoru
Həməd Əl-Hacri “XXI əsrdə dövlət suverenliyi və milli
konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər”
mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransında
deyib.

O qeyd edib ki, Qətər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq
edərkən milli dəyərlərini və mədəniyyətini qorumağı prioritet
sayır: “Biz milli kimliyimizi qorumaqla yanaşı, beynəlxalq
tərəfdaşlarımızla birlikdə insan hüquqlarının müdafiəsinə, etimadın
və ədalətin gücləndirilməsinə töhfə veririk”.




Çıxışda Qətərin “Milli İnkişaf Strategiyası – 2030” çərçivəsində
suverenlik və insan hüquqlarını uyğunlaşdırmaq istiqamətində
gördüyü işlər vurğulanıb. Həməd Əl-Hacri bildirib ki, “XXI əsrdə
suverenlik yalnız hüquqi anlayış deyil, həm də dəyərlər,
institutlar və texnologiya üzərində qurulan güc modelidir”.

O həmçinin vurğulayıb ki, Qətər üçün beynəlxalq əməkdaşlıq
qarşılıqlı hörmət, etimad və insanın rifahı üzərində qurulmalıdır:
“Hər bir dövlətin suverenliyi onun dəyərlərinə və xalqının
iradəsinə əsaslanır. Biz bu dəyərləri qorumaqla yanaşı, beynəlxalq
ailənin etibarlı üzvü olaraq qalmağa sadiqik”.