Dini Komitənin sədri: Azərbaycandakı tolerantlıq bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir

Baş səhifə
Dini Komitənin sədri: Azərbaycandakı tolerantlıq bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir

Azərbaycandakı tolerantlıq bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 5-də Bakıda “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpası sayəsində bu gün öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır:

“Suverenlik xalqın ən ali dəyərlərindən, ən böyük tarixi nailiyətlərindən biridir. Suverenlik olmadan konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir”.

Dini Komitənin sədri bildirib ki, festivalda nümayiş olunan fotostendlər, videoçarxlar, ədəbiyyat nümunələri, əl işlərindən ibarət sərgilər və musiqi proqramları Azərbaycanın zəngin mədəni-dini palitrasını bütün rəngləri ilə əks etdirir:

“Bu tədbir bir daha göstərir ki, Azərbaycan dövlətçiliyi minillik dəyərlərdən, hüquqi ədalət və milli iradədən güc alır. Bu festival təkcə mədəni tədbir deyil, həm də suverenliyimizin, Konstitusiya prinsiplərimizin və çoxəsrlik birgəyaşayış modelimizin canlı nümayişidir. Azərbaycanda mövcud olan fərqlilik bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir”.

MƏLUMAT YENİLƏNİR…