Cənubi Koreyada kişi orqan donorluğu ilə 100 xəstənin həyatını xilas edib

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada dul bir kişi bütün orqanlarını ehtiyacı olanlara
vəsiyyət edərək onlarla insanın həyatını xilas edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 60 yaşlı Mun Çu Hvan 2025-ci il avqustun 9-da
qəfil vəfat etdikdən sonra toxuma donoru kimi təxminən 100 xəstənin
həyatda qalmasına vəsilə olub. O, dostu ilə söhbət edərkən huşunu
itirib və Çxonmun Universiteti xəstəxanasına çatdırılıb, burada
həkimlər beyin fəaliyyətinin dayandığını müəyyənləşdiriblər.




Hvan həyatda olarkən daim donor kartı gəzdirir və oğlu ilə
birlikdə əvvəlcədən orqan donoru reyestrində qeydiyyatdan keçmişdi.
Buna görə də bütün bioloji materiallar Milli Orqan, Toxuma və Qan
İdarəetmə İnstitutuna təhvil verilib.

Mütəxəssislərin sözlərinə görə, bu hadisənin özəlliyi ondadır
ki, donor toxumaları beş ilədək saxlanıla və bir çox ağır
xəstələrin orqan funksiyalarının bərpası üçün istifadə oluna bilər.
Bu isə dərhal transplantasiya tələb edən orqanlardan fərqlənir.