Nayrobidə 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Keniyanın paytaxtı Nayrobi şəhərində 8 noyabr – Zəfər Gününün
beşinci ildönümü münasibəti ilə tədbir keçirilib.

Azərbaycanın Keniyadakı səfirliyindən Trend-ə bildirilib ki,
tədbirdə Keniya Xarici və Diaspora Nazirliyinin idarə rəisi və
diplomatik akademiyasının rektoru, Nayrobidəki bir sıra diplomatik
missiyaların rəhbərləri və BMT qurumlarının təmsilçiləri, Keniya
Prezidentinin qızı, gənclər çempionu Şarlin Ruto, Keniyada səfərdə
olan Ekologiya və təbii Sərvətlər Nazirliyi və ANAMA nümayəndə
heyətləri, habelə yerli ictimaiyyət, işgüzar dairələrin
nümayəndələri, Keniyada çalışan azərbaycanlılar iştirak edib.

8 noyabr – Zəfər Günü ilə əlaqədar fikirlərini bölüşən səfir
Sultan Hacıyev müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində
əldə etdiyi, beşinci ildönümü qeyd olunan şanlı qələbəmizin tarixi
əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 8 noyabr Azərbaycanın
tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın
təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi
kimi daxil olub. Dövlət başçısı İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş
ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı qısa müddətdə
Qarabağ və Şərqi Zəngəzura dirçəliş və yeni həyat bəxş edib.

Səfir Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra
iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün aparılan
danışıqlara da toxunaraq cari ilin avqust ayında Vaşinqton
şəhərində əldə olunmuş razılaşmaların, sülh sazişinin
paraflanmasının sülh danışıqlarının həlledici mərhələsi olduğunu
qeyd edib. Bildirib ki, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh,
qarşılıqlı etimad, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl
yaradılıb və ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində
inkişafını davam etdirərək yeni böyük nailiyyətlər
qazanacaqdır.

Tədbirdə şanlı Zəfər Gününə, həmçinin ölkəmizin inkişafına həsr
olunmuş videoçarxlar nümayiş olunub və səsləndirilən Azərbaycan
musiqiləri qonaqların zövqünü oxşayıb.