
Bakı. Trend:
3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80
illik yubileyində çıxışı zamanı cənab Prezident İlham Əliyev elmin
ölkənin gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğuladı.
Dövlət başçısının bu çıxışı təkcə yubiley təbriki deyil, həm də
Azərbaycan elminin növbəti inkişaf mərhələsinə istiqamət verən
proqram sənədi kimi dəyərləndirilə bilər. Dövlət başçısı qeyd etdi
ki, AMEA-nın 80 illik fəaliyyəti milli intellektual mühitin
formalaşmasında, dövlətçilik düşüncəsinin elmi əsaslarının
möhkəmlənməsində misilsiz rol oynayıb. Bu, həm tarixi irsin
qorunması, həm də müasir tədqiqat istiqamətlərinin qurulması
baxımından mühüm göstəricidir.
Bu sözləri Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin yubiley
nitqində toxunduğu ən mühüm mövzulardan biri də elmə dövlət
dəstəyinin konkret mexanizmlərlə təmin edilməsi barədə
səsləndirdiyi fikirlər olub:
“Dövlət başçısı öz çıxışında Ulu Öndər Heydər Əliyevin elmi
sahəyə göstərdiyi diqqət və qayğını xüsusi minnətdarlıqla
xatırladaraq bildirdi ki, həmin siyasət bu gün müasir dövrün
tələblərinə uyğun şəkildə davam etdirilir. Ulu Öndərin elmə yönəlik
baxışları dövlətin inkişaf fəlsəfəsinin təməl prinsiplərindən biri
idi və bu xətt hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni
mərhələyə qədəm qoyub. Dövlət başçısının “elmin inkişafı dövlətin
müstəqilliyi və təhlükəsizliyinin etibarlı təminatıdır” fikri
göstərir ki, bu istiqamət yalnız mədəni və mənəvi dəyər deyil, həm
də milli təhlükəsizlik amilidir.
Məlum olduğu kimi, son on ildə elmə ayrılan vəsait iki dəfədən
çox artırılıb. Bu artım elmin iqtisadi inkişafın aparıcı qüvvəsinə
çevrilməsi siyasətinin nəticəsidir. Elm iqtisadiyyat və sənaye ilə
sıx bağlı olmalıdır və bu istiqamətdə artıq yeni idarəetmə modeli
formalaşır. Elmi tədqiqat institutlarının sənaye müəssisələri ilə
əməkdaşlığı genişlənir, universitetlərdə tətbiqi araşdırmaların
payı artır, elmi nəticələrin praktik dəyərə çevrilməsi prosesi
dövlət tərəfindən stimullaşdırılır. Bu, həm də Prezident İlham
Əliyevin elmin yalnız nəzəri müstəvidə qalmasına deyil, onun
iqtisadi dövriyyəyə daxil olmasına yönəlmiş strateji baxışını əks
etdirir. Müasir dövrdə ölkənin gücü yalnız təbii sərvətlərlə deyil,
həm də bilik və texnologiyalarla ölçülür. Məhz buna görə Azərbaycan
dövlətinin elm siyasəti uzunmüddətli inkişaf strategiyasının
ayrılmaz hissəsinə çevrilib. Bu yanaşma nəticəsində elm dövlətin
innovasiya sistemində aparıcı element statusu qazanıb, alimlər
cəmiyyətin sosial və iqtisadi proseslərində daha fəal iştirak
etməyə başlayıblar. Prezident İlham Əliyevin “tükənməz sərvət neft
yox, intellektual potensialdır” fikri yubiley çıxışının əsas
ideoloji xəttini təşkil etdi. Bu ifadə Azərbaycan dövlətinin
gələcəyə baxışının mahiyyətini dəqiqliklə ifadə edir. Elm və təhsil
sahələrinə yönəlmiş sərmayə, əslində, ölkənin milli təhlükəsizlik
sisteminin və davamlı inkişafının təməlidir. Dövlət başçısı xüsusi
vurğuladı ki, Azərbaycan alimləri qlobal elmi proseslərdə, xüsusilə
süni intellekt, informasiya texnologiyaları və enerji səmərəliliyi
sahələrində fəal iştirak etməlidirlər” .


