
Bakı. Trend:
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv
ölkələrin dövlət başçılarının 12-ci Zirvə toplantısında qəbul
olunan qərarlar Təşkilatın regional siyasi və strateji dialoq üçün
getdikcə daha mühüm platformaya çevrildiyini bir daha
təsdiqlədi.
Trend xəbər verir
ki, bunu bu gün TDT baş katibinin müavini Ömer Kocaman TDT
Ağsaqqallar Şurasının Bakıda keçirilən 18-ci iclasında
bildirib.
“Əgər ilk illərdə Təşkilat əsasən iqtisadiyyat, təhsil və
mədəniyyət məsələləri ilə məşğul idisə, indi o, siyasət və
təhlükəsizlik sahəsində də fəal şəkildə fəaliyyət göstərən strateji
bir platformaya çevrilib,” – deyə Kocaman qeyd edib.
Onun sözlərinə görə, Qəbələ Bəyannaməsi türk ölkələrinin yeni
beynəlxalq təhlükəsizlik arxitekturasına uyğunlaşaraq həmrəylik
ruhunda hərəkət etmək əzmini vurğulayır.
“Bəyannamədə, həmçinin, Türk dövlətlərinin müdafiə sənayesi,
terrorizm, ekstremizm, kibertəhdidlər və transmilli risklərlə
mübarizəni əhatə edən kompleks təhlükəsizlik sisteminin
formalaşdırılması təşəbbüsü də əksini tapıb. Liderlər, həmçinin,
Əfqanıstan, Qəzza, Suriya və Ukrayna məsələlərinə toxunaraq,
regional məsuliyyətin və Türk dövlətlərinin sülhməramlı proseslərdə
iştirakının vacibliyini vurğulayıblar”, – deyə Kocaman əlavə
edib.


