
Bakı.Trend:
Məişət zorakılığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində ən mühüm dəyişikliklər edilib.
Trend xəbər
verir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan
qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış
zamanı səsləndirib.
O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması
haqqında” Azərbaycan Respublikasının Qanununun əhatə dairəsi
genişləndirilib.
“Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti
hesabına pulsuz hüquqi yardım göstərilir. Qısamüddətli mühafizə
orderinin müddəti 30 gündən 60 günə, uzunmüddətli mühafizə
orderinin müddəti isə 60 gündən 180 günə artırılıb”, – deyə komitə
sədri qeyd edib.
Bahar Muradova vurğulayıb ki, qanunvericiliyin tələblərinin
təkrar pozulması artıq sanksiyalaşdırılıb.
“Bundan əlavə, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün
mərkəzi və yerli səviyyədə yeni qurumlararası monitorinq və
əlaqələndirmə mexanizmi yaradılıb”, – deyə o əlavə edib.


