
Bakı. Trend:
Energetika Nazirliyində enerji səmərəliliyi və enerji auditi
mövzusunda məlumat sessiyası təşkil olunub. Sessiyada enerji
effektivliyi və enerji auditi xidmətləri sahəsində fəaliyyət
göstərən müxtəlif təşkilatların nümayəndələri iştirak ediblər.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirin məqsədi enerji auditinin hüquqi və
praktiki mahiyyəti, bu sahədə dövlət siyasətinin əsas
istiqamətləri, habelə tətbiq mexanizmləri barədə iştirakçıların
məlumatlılığını artırmaq olub.
Sessiyada “enerji auditi nədir”, “enerji auditoru kimdir”,
“enerji menecment sistemi”, “enerji auditinin təşkili və hesabatı”
kimi mövzularla bağlı ətraflı məlumat təqdim edilib. Həmçinin,
enerji auditinin enerji istehlakçıları üçün əhəmiyyəti, audit
nəticəsində aşkarlanan enerji səmərəliliyinin artırılması
istiqamətində tədbirlərin görülməsi və əldə ediləcək enerji
qənaətinin iqtisadi və ekoloji əhəmiyyəti vurğulanıb. Qeyd edilib
ki, bu sahənin inkişafını təşviq etmək və enerji auditi həyata
keçiriləcək subyektlərə dəstək olmaq məqsədilə Energetika
Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin “Enerji Effektivliyi Fondu” yaradılıb.
Yekunda iştirakçıların sualları cavablandırılıb, onları
maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb və enerji auditi
sahəsində təkmilləşdirməyə dair təkliflər nəzərdən keçirilib.

