
Bakı. Trend:
Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan
alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini
verəcəklər.
Trend xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Hörmətli alimlər.
Mən sizi Milli Elmlər Akademiyasının 80 illik yubileyi
münasibətilə ürəkdən təbrik edirəm, Akademiyanın gələcək
fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli
Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin
uğurlu inkişafına öz töhfələrini verəcəklər.
Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin
inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif
ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz
elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər
Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz
səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun
rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni
elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait
ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam
etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən
başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının
aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə
intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz
müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan
gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların
böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin
inkişafına öz dəyərli töhfələrini verirlər.
Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz
Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük
bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun
hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə,
Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli
Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil
Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq
şəkildə bəyan etmişdir. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız
çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan
böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və
məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük
iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də
Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti
üçün vəsait ayrılırdı.
Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait
daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə
ayrılan vəsait iki dəfədən çox artmışdır. Mənim prezidentlik
dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına
göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı.
Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası
möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində
yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan,
akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı.
Yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün
yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının, dediyim
kimi, təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu
hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının
əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin
inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı
üzrə Milli Strategiya qəbul edilmişdir. “Elm haqqında” Qanun qəbul
edilmişdir, Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün
işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu
bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə
də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla
zənginləşir.
Mən 10 il bundan əvvəl – Akademiyanın 70 illiyində bax bu
salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10
il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı,
elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi
sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada,
həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya
iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər,
müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması,
mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir.
Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə
zəngin illər olmuşdur. Əsas vəzifə – torpaqlarımızın azad edilməsi,
ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə
təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara
sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim
ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu
torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı
Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində
dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş
verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı
bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə
qazanan ikinci ölkə olmamışdır.
Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz
addımlarımızı dəyişən dünyada gedən proseslərə həm
uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli
sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran
vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın
gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki
dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin
inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji
imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük,
yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə
görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet
olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük
vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə
düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və
beləliklə, bizim inkişafımız dayanıqlı olsun.
Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını
təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı,
texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii
resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki,
biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan
kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə
bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii
sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət
isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə
qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti,
alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu
gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.
Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə
danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz
hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi
addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və
geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm
inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda
tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan
alimlərinin fəal iştirakını gözləyirik.
Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə
edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı
ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük.
Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz
görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin
əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl
nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir
müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə
də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal
olmağa dəvət edirəm.
Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada
kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il
məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması
vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə
böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar
üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək,
müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual
təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir.
Bu gün həm müharibələrin deməli aparılma qaydaları dəyişir,
təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə
əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi
böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə
bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə
işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar
təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır.
Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək
istəyənlərə də layiqli cavab verməliyik.
Bu gün bildiyiniz kimi, Azərbaycanda hərbi sənaye sürətlə
inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait
ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti
təkmilləşir. Eyni zamanda, bu yaxınlarda biz bu sahəni özəl sektor
üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş
ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən
istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl
sektoru cəlb etmişik. Eyni zamanda, mənim tərəfimdən də onlara
çağırış olub və bu gün özəl şirkətlər artıq hərbi təyinatlı
məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. Deyə bilərəm
ki, hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın
gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli
keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Eyni
zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz
hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına
genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir
çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə
qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün
bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki
bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün
yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki,
hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə
bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz
təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan
alimlərini bu istiqamətə dəvət edirik.
Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir
mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq
hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş
aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq
etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün
deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə
Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici
bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən
ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və
bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmi
ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır.
Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla,
sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət
strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri
ilə daha sıx işləsinlər.
Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə
elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını
nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək
səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət
qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.
Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi
daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının
obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün
iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft
sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil
edir. Bu gün dünyanın aparıcı reytinq agentlikləri – iki aparıcı
beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və
bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə
ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün
bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı
deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də
gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr
deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin
ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox təşkil edir.
Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta
ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə
artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici
borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir
neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə
Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əlbəttə ki,
iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük
investisiya layihələrini icra edək. Təbiidir ki, bu gün əsas
investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur.
Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər
görülür. Yəni, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə
məlumatlandırılır və bir çox vətəndaşlarımız artıq azad edilmiş
torpaqlara gediblər. Dəfələrlə orada olublar və gedən inkişafı öz
gözləri ilə görürlər. Yəni, bizim güclü iqtisadiyyatımız bizə həm
əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa
edilməsinə imkan verir. Güclü hərbi potensialı yaratmaq üçün imkan
verir. Çünki yenə də demək istəyirəm ki, bu gün dünyada qaydalar
tamamilə dəyişib. Beynəlxalq təşkilatlar, yəni, onların bir çoxu
iflic vəziyyətindədir. Onların qərarları icra edilmir. Necə ki, BMT
Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il icra edilməmişdir. Əgər
biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan
sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu
böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı
amildir. Yəni, bugünkü dünya budur və belə olan halda
təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir.
Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu
əldə etmək mümkün olmayacaq.
Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji
növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu
gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox
geniş miqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il
ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların
toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək
elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl
rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O
stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik
stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək
və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata
çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının
növbəti istiqamətidir. Azərbaycan alimlərini burada da fəal olmağa
dəvət edirəm.
Geoloji kəşfiyyat işləri xüsusilə Qarabağda və Şərqi Zəngəzurda
çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi sovet vaxtında
lazımınca tədqiq edilməmişdir və tədqiq edilsə idi belə, yenə də
ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni,
bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır.
Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının
aşkarlanması bir çox hallarda fiziki, yəni, əraziyə girmədən
müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır
ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır.
Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına
da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində
bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii
resurslarımız var – qızıl, gümüş, mis yataqları, polimetal
yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük
xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş
yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır.
Təbii ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda
Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz
əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu
tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə
bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun
qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il
bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu
barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ
etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim
zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan
xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma
qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb
və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o
tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda
da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq.
Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında
görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında
yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi
yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar
olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə
verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün,
heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə
azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını
və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan
əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla
yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas
vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda,
Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə
bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm
elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc
edilməsi. Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc
edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki
Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan
mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə
Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi
toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib
etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar
Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan
və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib
ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr
tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu
təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox
hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan
gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti
bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da
tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi
ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac
var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı
sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur
ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının
çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü
olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən,
təbliğ edən bir çox əsərlərə ehtiyac var.
On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan
dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə
bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar
atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki,
səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50
milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz,
saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil
Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif
bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram,
diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi
yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan
azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi
istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz
dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda
yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq
üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu
istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə
vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan
çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə
ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz
bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli
bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd
daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də
qəbuledilməzdir.
Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan
vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər,
yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu
məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il
bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat
edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi
kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan
eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada, həm bəzi
insanların çıxışlarında, – buna heç bir gərək yoxdur. Yəni, biz
xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş
bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim
hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul
olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan
alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini
göstərmək çağırışını edirəm.
Qeyd etdiyim kimi, bir neçə gündən sonra biz tarixi Zəfərimizin
beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Beş il
əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü
ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın
suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq
meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici
hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi
fəxr edəcək.
Mən sizi, bütün Azərbaycan xalqını həm Milli Elmlər
Akademiyasının 80 illiyi münasibətilə, həm də qarşıdan gələn Zəfər
Günü və Bayraq Günü münasibətilə təbrik edirəm. Sizə cansağlığı,
uğurlar arzulayıram. Sağ olun.


