
Bakı.Trend:
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla
bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə
məhkəmənin növbəti iclası keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
şahidlər dindirilib.
Şahid qismində dindirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı
Mənsur Atakişiyev
bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:
“Mən hadisəyədək mərkəzdə olmamışam, 2023-cü ildə əmrim çıxıb.
2024-cü ilin yanvarında işə getmişə. Qısa zaman sonra hadisə baş
verib. İş yoldaşım mənə zəng edib məlumat verib. Mən gedəndə artıq
yanğınsöndürənlər yanğını söndürürdülər”.
Şahid qeyd edib ki, mərkəzdə yoxlama və təlim keçirməyib.
Prosesdə ifadə verən yanğın üzrə ekspert Tural Süleymanov
bildirib ki, hadisə baş verən mərtəbədə yanğın təhlükəsizliyində
problem olub.
“Oradan nümunələr götürülüb. Nümunələr elektrik naqillərindən,
yanaraq kömürləşmiş uzadıcılardan, cihazlardan, küveyzdən
götürülüb.
Mən ilkin baxış zamanı bir mütəxxəssis kimi yanğının başvermə
səbəbini bildirmişəm. Yanğın baş verən otaqlarla yanaşı qonşu
otaqlara da baxış keçirərək nümunə götürmüşəm. Mərkəzdə olan
siqnalizasiyalar, yanğınsöndürənsu kranlarının, su şırnakıarı
işləsəydi yanğının qarşısını daha tez bir zamanda almaq olardı və
fəsadlar bu qədər çox olmazdı”.
Proses 15 dekabrda davam etdiriləcək.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal
Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın
təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha
çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi
başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq
idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya
və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya
bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş
yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb,
müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan
vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə
Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi
təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu
sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik
təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı
şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən
Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,
xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya
qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması
və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə
bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və
intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək
Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan
qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində
işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin
225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika
Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam
Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova
zərərçəkmiş qismində tanınıb.


