Litva qaçaqmalçılarla mübarizəyə qoşulur

Baş səhifə

Bakı. Trend:

Litva Tüfəngçilər Birliyinin könüllü hərbiləşdirilmiş
strukturları Belarusdan siqaret daşıyan qaçaqmalçıların istifadə
etdiyi meteoroloji şarlarla mübarizədə hakimiyyət orqanlarına
dəstək göstərəcək.

Trend-in
məlumatına görə, bu barədə Litvanın Baş naziri İnqa Ruqinene
“Facebook” səhifəsində məlumat paylaşıb.

“Qaçaqmalçılıqla mübarizə aparan mobil qruplara Litva
Tüfəngçilər Birliyinin üzvləri də daxil olacaq”, – deyə baş nazir
qeyd edib.




Təşkilat üzvləri hava məkanını vizual müşahidə edəcək, şarların
eniş yerlərinə gedərək qaçaqmalçılıqla məşğul olan şəxsləri
müəyyənləşdirməyə və lazım gələrsə, onların saxlanmasına yardım
etməyə çalışacaqlar.

Litva Tüfəngçilər Birliyi nizami silahlı qüvvələri dəstəkləyən
hərbiləşdirilmiş təşkilatdır. 1919-cu ildə yaradılıb, 1940-cı ildə
ləğv edilib və 1989-cu ildə yenidən fəaliyyətə başlayıb. Üzvləri
mülki şəxslərdən ibarətdir və ordu ilə birgə təlimlərdə iştirak
edirlər. Hazırda təşkilatın 16 min üzvü var ki, bu da onun
tarixində ən yüksək göstəricidir.