
Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 31-də
davam etdirilib.
Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün
vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Əvvəlcə təqsirləndirilən Levon Mnatsakanyanın müdafiəçisi Oqtay
Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə
görüşmək istədiyini deyib.
Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib.
Sonra təqsirləndirilən David Manukyan vəsatət verərək ittiham
olunduğu cinayətlərlə bağlı bəzi xüsusatlarla razılaşmadığını
deyib. Təqsirləndirilən şəxs cinayətkar birliyin yaradılması ilə
bağlı ittihamın cinayət işinin ona aid olan epizodlarından
çıxarılmasını, habelə onun barəsində olan cinayət işinin ayrıca
icraata ayrılmasını xahiş edib.
David Manukyanın müdafiəçisi təqsirləndirilənin vəsatətini
müdafiə etdiyini söyləyib.
Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Fuad Musayev
deyib ki, hazırda sübutların qiymətləndirilməsi mərhələsi deyil.
Müdafiə tərəfinin qeyd etdiyi hal isə sübutların qiymətləndirilməsi
mərhələsinə aiddir.
İttiham tərəfi qeyd olunan xüsusata məhkəmə istintaqı
yekunlaşdıqdan sonra, çıxışlar zamanı fikir bildirəcəyini deyib.
Eyni zamanda, dövlət ittihamını müdafiə edən prokuror məhkəmə
tərəfindən sübutlara müşavirə otağında hüquqi qiymət verəcəyini də
xatırladıb.
Məhkəmə zərərçəkmiş şəxslərin nümayəndələrini də dinlədikdən
sonra qərar qəbul edib. Qərara əsasən vəsatət əsassız olduğu üçün
təmin edilməyib.
Sonra Madat Babayanın müdafiəçisi Leyla Namazzadə vəsatətlə
çıxış edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə
qarşı irəli sürülən ittihamdan bəzi epizodların çıxarılmasını xahiş
edib.
Təqsirləndirilən Madat Babayan müdafiəçisi tərəfindən verilən
vəsatətlə razı olduğunu bildirib.
Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətdə qeyd olunan
halların prosesin hazırkı mərhələsinin predmetinin olmadığını
xatırladaraq diqqətə çatdırıb ki, məhkəmə bunu müşavirə otağında
qiymətləndirir.
Məhkəmə vəsatətdə qeyd olunan hallara müşavirə otağında
baxılaraq qiymətləndiriləcəyini bildirib və vəsatəti baxılmamış
saxlayıb.
Təqsirləndirilən Bako Sahakyan isə ötən iclasda təqdim etdiyi
sübutların tədqiqi ilə bağlı müdafiəçisinin suallarını
cavablandırıb.
Bundan sonra Levon Mnatsakanyanın müdafiəçisi təqsirləndirilən
şəxslə görüşərkən hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə
əlavə olunması üçün ona şəxsi arxivindən bir neçə sənəd verdiyini
bildirib və onları məhkəməyə təqdim edib.
Təqsirləndirilən Levon Balayanın vəkili Saqi Məmmədov da
hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşmək istədiyini
deyib.
Hakim Zeynal Ağayev fasilədə onlara şərait yaradılacağını
bildirib.
Məhkəmə iclasının sonunda iclasa sədrlik edən məhkəmə
istintaqının yekunlaşdırılması ilə bağlı tərəflərin fikirlərini
öyrənib.
Tərəflər məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz
etməyiblər.
Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev ittiham tərəfinin
məhkəmə baxışı zamanı təqdim olunan sübutlarla kifayətləndiyini
bildirib.
Məhkəmə iclasına sədrlik edən məhkəmə istintaqının
yekunlaşdığını elan edib və çıxışlar zamanı tərəflərin yalnız
məhkəmə istintaqında tədqiq olunan sübutlara istinad edə biləcəyini
bir daha proses iştirakçılarının diqqətinə çatdırıb.
Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar çıxış
üçün noyabrın 3-dək vaxt verilməsini məhkəmədən xahiş ediblər.
Növbəti iclasda tərəflərin çıxışlarına başlanılması qərara
alınıb.
Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.


