“Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to
Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində
Şirvanşahlar Sarayında Azərbaycan rəssamı Vüsalə Ağarazıyevanın
“Şeh. Olmayan Səhər” adlı fərdi sərgisinin açılışı olub.

Trend xəbər verir ki, layihə
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Mədəniyyət
Nazirliyinin dəstəyi ilə təşkil olunub.

“Şeh. Olmayan Səhər” əsərində Vüsalə Ağarazıyeva Şirvanşahlar
Sarayını qaranlığın tədricən aydınlığa yol verdiyi həmin o kövrək
anda gecə-sübh sərhədində yerləşən düşüncə məkanına çevirir.




AZƏRTAC-ın müxbiri ilə söhbətində rəssam sərgi ideyasının Şərq
fəlsəfəsindən yarandığını, burada şehin anı, görünən ilə
görünməyən, yuxu ilə oyanış arasındakı incə sərhədi simvolizə
etdiyini bildirib.

O, şehin gecə ilə səhər, yuxularla reallıq “arasında”
yarandığını vurğulayıb. Məhz bu keçicilik, keçici vəziyyət onu
sərgini yaratmağa ruhlandırıb.

“Mən bu anların çox incə, lakin canlı duyğularını çatdırmaq
istədim. Axı, şeh səhər hələ tam gəlməmiş və gecə demək olar ki,
keçəndə peyda olur. Onu görmək üçün, sadəcə, vaxtında – həm fiziki,
həm də daxilən oyanmaq lazımdır”, – deyə V.Ağarazıyeva qeyd
edib.