Bakı. Trend:
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Fikrət Abbas oğlu
Əzizov oktyabrın 30-da paytaxtın Qaradağ rayonunda yerləşən “Sofi
Həmid Piri” qəbiristanlığında dəfn olunub.
Trend xəbər
verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Qaradağ Rayon İcra
Hakimiyyətinin nümayəndələri, Müdafiə, Daxili İşlər nazirliklərinin
əməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları,
şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət
Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna
dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri
düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin
yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Fikrət Əzizov
1961-ci il yanvarın 13-də paytaxtın Qaradağ rayonunun Qobustan
qəsəbəsində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı
istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Fikrət Əzizov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab
edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd
şəhiddən biridir.

