Bakı-Tbilisi-Qars dəmir yolu: Şərqdən Qərbə uzanan iqtisadi körpü

Baş səhifə

Bakı. Trend:

Düz səkkiz il əvvəl bu gün Prezident İlham Əliyevin təşəbbüsü və
siyasi iradəsi nəticəsində regionun ən mühüm nəqliyyat
layihələrindən biri – Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti
istifadəyə verildi. Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə
Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat xəritəsini dəyişdirən
tarixi hadisə oldu.

Bakı-Tbilisi-Qars dəmir yolunun ideyası XXI əsrin əvvəllərində
Azərbaycanın təşəbbüsü ilə formalaşdı. Qlobal ticarət axınlarının
Asiyadan Avropaya yönəldiyi bir zamanda, Azərbaycanın “Şərq-Qərb
nəqliyyat dəhlizi” ideyasına verdiyi töhfə bu layihədə konkret
təcəssümünü tapdı. BTQ xətti Azərbaycan, Gürcüstan və Türkiyə
ərazilərini birləşdirərək Çindən Avropaya ən qısa və etibarlı quru
yol yaratdı. Bu, həm iqtisadi, həm də siyasi baxımdan region
dövlətlərinin müstəqil qərarvermə imkanlarını artırdı və onların
beynəlxalq nəqliyyat sistemində rolunu gücləndirdi. Uzunluğu
təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu
Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən
qısa və etibarlı yol olan BTQ-nin fəaliyyəti Şərq-Qərb Beynəlxalq
Nəqliyyat Dəhlizində Azərbaycanın logistik imkanlarının
artırılmasına gətirib çıxarıb. Dövlət Neft Fondu ümumilikdə 745.9
mln. ABŞ dolları vəsait ayrılıb.

2023-2024-cü illərdə ADY tərəfindən Orta Dəhlizin vacib seqmenti
olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində
modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının
artırılması, bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin
yüksəldilməsi istiqamətində mühüm addımdır. Ötən il BTQ-nin
Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik
yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

BTQ-nin fəaliyyətə başlaması ilə Azərbaycan nəqliyyat-logistika
mərkəzinə çevrildi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad
İqtisadi Zonası və digər logistik layihələrlə birgə bu dəmir yolu
Yeni İpək Yolunun ən vacib halqalarından birinə çevrildi.




BTQ xətti Cənubi Qafqazı Avropa və Asiya arasında körpü rolunda
birləşdirir. Bu layihə sayəsində Azərbaycan yalnız tranzit ölkə
deyil, beynəlxalq ticarət sisteminin fəal iştirakçısı kimi çıxış
edir. Layihə həmçinin “yaşıl logistika” konsepsiyasına uyğun
şəkildə modernləşdirilir, rəqəmsal idarəetmə və ekoloji nəqliyyat
həlləri tətbiq olunur.

Layihə həmçinin Türkiyə ilə Orta Asiya ölkələri arasında yeni
əlaqə yaratdı, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər
dövlətlər üçün dəniz daşımalarına alternativ quru marşrut açdı. Bu
isə regionda iqtisadi inteqrasiyanı və qarşılıqlı asılılığı
gücləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın müstəqil
inkişaf modelinin, regional liderliyinin və strateji düşüncəsinin
bariz nümunəsidir. Səkkiz il ərzində bu xətt regionun iqtisadi
simasını dəyişdirib, ölkələr arasında yeni əməkdaşlıq körpüləri
salıb və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da
gücləndirib.

Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə, təqribən, 6-8
milyon ton yük daşınır. Növbəti illərdə isə polad magistralla 3
milyon sərnişin və 17 milyon ton yük daşınması nəzərdə tutulur.

Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan
infrastruktur BTQ-nin gələcəkdə Qarabağ və Naxçıvan istiqamətində
genişlənməsi üçün yeni imkanlar açır.