Qətər ABŞ və Venesuela arasında vasitəçi olmağa hazırdır

Baş səhifə

Bakı. Trend:

Doha ABŞ və Venesuela arasındakı böhranın həllində vasitəçi
rolunu oynamağa hazırdır.

Trend xəbər verir
ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx
Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Nyu-Yorkda Xarici
Əlaqələr Şurasında çıxışı zamanı bildirib.




O qeyd edib ki, Qətər hələ bu istiqamətdə konkret addım
atmayıb:
“Venesuela ilə bağlı səylərimiz keçmiş ABŞ prezidenti Co Bayden
dövründə qarşılıqlı fəaliyyətə başlayıb və bir neçə amerikalı
vətəndaşın azad olunmasına səbəb olub. Hazırda ABŞ prezidenti
Donald Trampın gəlişi ilə əlaqələri bərpa etmişik. Əgər ABŞ
maraqlıdırsa, biz vasitəçi kimi çıxış etməyə və danışıqlar
prosesini təşkil etməyə hazırıq. Lakin indiyə qədər konkret və
əhəmiyyətli heç nə baş verməyib”, – deyə o bildirib.

Qeyd edək ki, “New York Times” Qətərin Vaşinqton və Karakas
arasındakı münasibətlərdəki böhranın həllində vasitəçilik etmək
niyyətində olduğunu xəbər vermişdi. Mənbələrə görə, Venesuela
hakimiyyəti Qətərin səylərini dəstəkləyir, lakin ABŞ
administrasiyası diplomatiyadan çox hərbi vasitələrlə
maraqlanır.