
Bakı. Trend:
Noyabrın 2-dək paytaxtda keçiriləcək “Bakıya Uçuş. İncəsənət
Həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the
Future NOW) layihəsi çərçivəsində “Nine Senses” Art Center”də
azərbaycanlı rəssam Ramina Səadətxanın “Od, Su və Öpüşlər” adlı
fərdi sərgisi açılıb.
Trend xəbər verir
ki, sərginin əsas mövzusu beynəlxalq incəsənət ictimaiyyəti ilə
mənalı dialoq qurmağı hədəfləyən “Art Weekend” festivalının
simvolik elementi olan su olub.
Ramina Səadətxanın yeni “Od, Su və Öpüşlər” silsiləsi, ruhu
təmizləyən və insanı bədənin dilini anlamağa yaxınlaşdıran əsas
ünsürlərə – mahiyyətə toxunmaq üçün poetik bir cəhddir. “Od, Su və
Öpüşlər” ünsürləri vasitəsilə müəllif bədən və ruh, ünsürlər və
duyğular arasındakı dialoqu açaraq, tamaşaçıları əbədi hərəkətdən
harmoniyanın yarandığı ziddiyyətlər dünyasına dəvət edir.
AZƏRTAC-ın müxbiri ilə söhbətdə R.Səadətxan yeni əsərlər
silsiləsinin ideyasının art festivalın təşkilatçıları tərəfindən
təklif olunan su mövzusundan qaynaqlandığını deyib. Lakin rəssam su
ilə odu qarşı-qarşıya qoyaraq və konsepsiyaya əksliklərin
birləşməsi metaforası kimi üçüncü simvolu – öpüşü əlavə etməklə bu
ideyanı genişləndirmək qərarına gəldi.
Rəssamın sözlərinə görə, sərgi onun yaradıcı təcrübələrində və
daxili özünüdərketmədə növbəti mərhələ oldu.
“Mən daxili mənliyimi daha dərindən öyrənməyə çalışıram. Rəsm
vasitəsilə niyə yaşadığımı və bundan sonra hara hərəkət etməli
olduğumu daha yaxşı başa düşürəm. Bu, mənim üçün bir növ
meditasiyadır. Rəsmsiz yaşanan bir gün, mənim üçün sanki heç
yaşanmamış bir gün kimidir”, – deyə müəllif fikirlərini
bölüşüb.
Tamaşaçıların reaksiyasından danışan R.Səadətxan vurğulayıb ki,
hər bir rəsm əsəri şəxsi duyğular və interpretasiyalar üçün yer
buraxır.
“İstərdim ki, tamaşaçı mənim daxili dünyamı hiss etsin. Hər bir
insan rəsmləri özünəməxsus şəkildə görür – bəzən mənim özümün dərk
etmədiyim şeyləri görür. Onlar gizli mənalar tapırlar və bu, özümü
getdikcə daha çox açmağa kömək edir”, – deyə rəssam qeyd edib.
Ramina Səadətxan A.Əzimov adına Rəssamlıq Kollecinin və
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onun
yaradıcılığında rəsm, kollaj və pop-art abstrakt ekspressionizm
elementləri birləşir. Sərginin “Uomo Natura” adlı ilk hissəsi
hazırda “Art Center”in “Sea Breeze” istirahət mərkəzindəki
filialında nümayiş olunur. 2022-ci ildə onun “Xaosun enerjisi”
əsəri 59-cu Venesiya Biennalesində Azərbaycan Pavilyonunda nümayiş
etdirilib və bu, rəssamın beynəlxalq yaradıcılıq bioqrafiyasında
mühüm bir mərhələ olub.
Qeyd edək ki, “Od, Su və Öpüşlər” sərgisi “Art Weekend”
proqramının bir hissəsidir.
Müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr olunmuş
layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil
olunub.
Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin yaradıcısı və rəhbəri
Leyla Əliyevadır.


