Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan
Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr
olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə
ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin
müavini Sot Vonq ilə görüşüb.

Parlamentdən Trend-ə verilən
məlumata görə, görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında
əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə
Qafarova Azərbaycan üçün əhəmiyyət kəsb edən bu konfransda dost
ölkələrin parlament nümayəndə heyətlərinin iştirakını yüksək
qiymətləndirdiyini bildirib.

Kamboca Milli Assambleyası sədrinin müavini Beynəlxalq Parlament
Konfransının uğurlu təşkilini qeyd edərək, həm Xuon Sudarinin, həm
də Senatın sədri Hun Senin təbriklərini çatdırıb.

Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin
inkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri,
Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası Baş
Assambleyasının iclasında iştirak etmək üçün Kambocaya səfərini və
səfər çərçivəsində keçirdiyi görüşləri, həmçinin Malayziyaya
işgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri
Xuon Sudari ilə görüşünü məmnunluqla xatırladaraq, bu təmasların
parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə töhfə
verdiyini bildirib.

Qeyd olunub ki, parlamentlərimiz arasında 2022-ci ildə
imzalanmış Anlaşma Memorandumu əlaqələrimizin daha da inkişafı üçün
mühüm əsas yaradır və bu istiqamətdə yeni imkanlar mövcuddur.
Tərəflər parlamentlərdəki dostluq qruplarının və müxtəlif
komitələrin əməkdaşlığının vacibliyini qeyd ediblər. Həmçinin,
beynəlxalq parlament təşkilatlarında, o cümlədən, Qoşulmama
Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və
Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası
çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.