
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul
edib.
Trend xəbər verir ki, qonaq
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu
xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin
imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və
dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin
paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun
bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə
ümidvarlığını bildirdi.
Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30
illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan
məmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkil
olunduğunu dedi.
Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu
vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün
geniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri ikitərəfli
münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin
beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd
etdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı
Azərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılması
ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Trampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuş
nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini
dedi.
Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın
iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel
xəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin və
Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji
resurslarının Avropa bazarlarına çıxarılması baxımından
əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə
əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.


