
Cəbrayıl. Trend:
Mediatur iştirakçıları ölkə başçısının təməlini qoyduğu Cəbrayıl
şəhər məscidində olublar.
Trend-in yerli müxbirinin
məlumatına görə, bu barədə bu gün Cəbrayıla mediatur çərçivəsində
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və
İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
İlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, işğaldan əvvəl burada 5 məscid, 40-dan çox
ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal
dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini
abidələrimiz ermənilər tərəfindən məhv edilib. Məscidin ümumi
sahəsi 1530 kvadratmetrdən çox olacaq:
“Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli
məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri
üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı,
söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr,
günbəzin hündürlüyü isə 22,6 metr olacaq”.
“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və
Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası,
yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən
mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı
kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd
etmək olar”, – o əlavə edib.

