
Bakı.Trend:
Nəsimi rayonunda sərxoş vəziyyətdə avtomobil idarə edən və qəza
törədən sürücü həbs olunub.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin
əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi
ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir zamanı
rayon ərazisində “Changan” markalı nəqliyyat vasitəsini idarə edən
sürücü Tayfun Fərəcov ictimai asayişi pozaraq digər hərəkət
iştirakçılarının həyatına təhlükə yaratdığına, polisin qanuni
tələbinə əməl etmədiyinə, eləcə də avtomobili C.Hacıbəyli və
M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onu
yararsız vəziyyətə saldığına görə saxlanılıb.
Qeyd edilib ki, T.Fərəcovun spirtli içkidən istifadə etdiyinə
dair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinə
zamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib.
Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi
üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə
T.Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.


