
Bakı. Trend:
Oktyabrın 27-28-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun
(ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi
nümayəndə heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri həyata
keçirilib. Səfərin əsas məqsədi Fondun beynəlxalq tərəfdaşlarla
əməkdaşlığının genişləndirilməsi, qlobal maliyyə tendensiyalarının
təhlili və yeni investisiya imkanlarının dəyərləndirilməsi
olub.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Səfər çərçivəsində nümayəndə heyəti “The Arab Energy Fund”,
“Starwood Capital Group”, “Gulf Islamic Investments”,
“Investindustrial”, “Warburg Pincus”, “Luma Group”, “CVC Capital
Partners”, “Franklin Templeton”, “Brookfield Asset Management”,
“BTG Pactual”, “China Investment Corporation” və “FSI (Fondo
Strategico Italiano)” kimi aparıcı beynəlxalq investisiya və
maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlər
zamanı əməkdaşlığın mövcud istiqamətləri nəzərdən keçirilib, birgə
investisiya təşəbbüslərinin genişləndirilməsi, yeni bazarlarda
iştirak imkanları, uzunmüddətli kapitalın idarə olunması və qlobal
iqtisadi şəraitdə kapital axınlarının effektivliyinin artırılması
müzakirə olunub. Həmçinin dayanıqlı və məsuliyyətli investisiya
modelləri, suveren sərvət fondlarının institusional kapital
bazarlarında rolu və beynəlxalq tərəfdaşlıq çərçivələrinin
təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərlə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft
Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov 28 oktyabr
tarixində Ər-Riyad şəhərində keçirilən “Future Investment
Initiative 2025” (FII9) adlı beynəlxalq konfrans çərçivəsində “Yeni
iqtisadi reallıqda suveren sərvət və institusional kapital”
mövzusunda panel müzakirəsində çıxış edib. Müzakirələr suveren
sərvət fondları və institusional investorların qlobal
iqtisadiyyatda artan rolu, kapital axınlarının dəyişən geosiyasi
şəraitdə effektiv idarə edilməsi, məsuliyyətli və dayanıqlı
maliyyələşdirmə modellərinin formalaşdırılması kimi aktual
məsələlərə həsr olunub.
Çıxışı zamanı İsrafil Məmmədov suveren sərvət fondlarının qlobal
kapital bazarlarında strateji rolunu vurğulayaraq, ARDNF-nin
investisiya fəaliyyətində dayanıqlı idarəetmə, risklərin effektiv
idarə olunması və uzunmüddətli dəyər yaratmağa əsaslanan
məsuliyyətli investisiya yanaşmasını diqqətə çatdırıb. O, həmçinin,
Fondun investisiya strategiyasında texnoloji innovasiyaların və
enerji keçidi proseslərinin dəstəklənməsinin prioritet istiqamət
olduğunu qeyd edib. İsrafil Məmmədov ilə yanaşı, panelin spikerləri
sırasında həmçinin “The TCW Group, Inc.” şirkətinin Prezidenti və
Baş icraçı direktoru Keti Kox, “Liberty Strategic Capital”
şirkətinin təsisçisi və baş tərəfdaşı, ABŞ-ın keçmiş Maliyyə naziri
Stiven T. Mnuçin, “China Investment Corporation” şirkətinin İcraçı
vitse-prezidenti Şaoçin Jan və “The National” nəşrinin
geoiqtisadiyyat üzrə redaktoru Manas Krenni çıxış ediblər.


