Azərbaycan regionun bərpa olunan enerji sahəsində liderinə çevrilməyə hazırdır – Masdar

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın regionda bərpa olunan enerji sahəsində ən qabaqcıl
ölkəyə çevriləcəyinə ümid edirik.

Trend xəbər verir
ki, bunu “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıxov
Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında
deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsinin
genişmiqyaslı inkişaf proqramının həyata keçirilməsi Dünya Bankının
dəstəyi və dövlət büdcəsindən ayrılan əhəmiyyətli vəsait hesabına
aparılır.




Proqram çərçivəsində “Nəvai” yarımstansiyası, 500 kilovoltluq
yarımstansiya və onlara qoşulan elektrik xətləri və bərpa olunan
enerji stansiyalarını əhatə edən iri sistem qurulur.

M. Sadıxov vurğulayıb ki, tikintinin ilkin mərhələsində ikisi
günəş, biri külək stansiyası olmaqla üç yeni stansiya inşa olunur
və hər biri şəbəkə analizi və enerji sisteminə təsirin
qiymətləndirməsindən keçir. Bu, milli şəbəkəyə optimal
inteqrasiyanı və onun sabitliyini təmin etməyə imkan verir.

“İlkin mərhələdə bütün işlər Energetika Nazirliyi və
“Azərenerji” ilə məsləhətləşmələr əsasında aparılır ki, gələcək
layihələr, o cümlədən enerji saxlama qurğuları düzgün təşkil
edilsin və şəbəkə sabit qalsın,” – deyə “Masdar Azerbaijan”ın
rəhbəri bildirib.