
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda
“Azərbaycanın yaşıl iqtisadiyyatı”nın maliyyələşmə proqramını
(Green Economy Financing Facility – Azerbaijan, GEFF – Azerbaijan)
işə salmaq imkanını nəzərdən keçirir. 100 milyon ABŞ dolları
həcmində olan bu təşəbbüs beş illik müddət ərzində yerli tərəfdaş
maliyyə qurumları (PFI) vasitəsilə “yaşıl maliyyələşmə”yə dəstəyə
hədəflənib.
Trend bu barədə
AYİB-ə istinadən xəbər verir.
Proqram təsdiqlənəcəyi halda, banklara, mikromaliyyə
təşkilatlarına və lizinq şirkətlərinə enerji səmərəliliyi, bərpa
olunan enerji mənbələri, resurslardan səmərəli istifadə, dövri
iqtisadiyyat və iqlim dayanıqlığı sahələrində layihələr həyata
keçirən özəl borcalanlara kreditlər vermək üçün maliyyə vəsaitləri
təqdim ediləcək.
Təşəbbüs Azərbaycanda “yaşıl maliyyələşdirmə” üzrə pilot proqram
kimi nəzərdə tutulur və ölkənin “yaşıl iqtisadiyyata keçid” (Green
Economy Transition, GET) prosesinə töhfə verməyi hədəfləyir. Layihə
yerli maliyyə institutlarının potensialını gücləndirməyə yönəlib.
Bunun üçün onlara yalnız maliyyə dəstəyi deyil, həm də texniki
yardım göstəriləcək ki, bu da dayanıqlı texnologiyalara yatırılan
investisiyaların portfelini genişləndirməyə imkan verəcək.
Bundan əlavə, “GEFF – Azerbaijan” təşəbbüsü “yaşıl kreditləşmə”
sahəsində mövcud maneələri aradan qaldırmaq və qadınlarla kişilər
üçün “yaşıl maliyyələşdirmə”yə bərabər çıxışı təmin etmək məqsədi
daşıyır.
Proqram, həmçinin 2024-cü ilin noyabrında Bakıda keçirilmiş
COP29 tədbirindən sonra Azərbaycanın ekoloji dayanıqlılıq sahəsində
artan fəallığına, tənzimləyici qurumların fəal iştirakına və
beynəlxalq ictimaiyyətin diqqətinin güclənməsinə əsaslanır.

