Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam
Allahşükür Paşazadə İtaliyaya səfəri çərçivəsində bu ölkədə səfərdə
olan Misirin Əl-Əzhər dini qurumunun böyük imamı, Müsəlman
Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib ilə
görüşüb.

Trend xəbər
verir ki, görüşdə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib Azərbaycanın həm
məzhəblərarası birlik, həm də dinlərarası ahəng və harmoniya
baxımından Müsəlman Ağsaqqallar Şurası, eləcə də bütövlükdə İslam
aləmi üçün çox gözəl örnək olduğunu bildirib. Qeyd edib ki, buna
görə də Azərbaycan hər zaman Əl-Əzhərin və Müsəlman Ağsaqqallar
Şurasının diqqət mərkəzindədir.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu ilin fevralında
Bəhreynin paytaxtı Manamada keçirilən İslamdaxili Dialoq
Konfransının yekununda qəbul edilmiş “Qiblə Əhlinə Çağırış” sənədi
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kitab şəklində 4 dildə nəşr
olunub. O, kitabların bir neçə nüsxəsini Əhməd Əl-Tayyibə təqdim
edib.

Əl-Əzhərin böyük imamı nəşrləri məmnuniyyətlə və minnətdarlıqla
qəbul edərək deyib ki, Azərbaycan məzhəblərarası birlik məsələsində
liderlik edir və bir nümunədir.

Qeyd olunub ki, kitab Azərbaycan, ərəb, ingilis və rus
dillərində çap olunmaqla bu sənədin Qafqaz regionunda, Mərkəzi
Asiyada, MDB-də və bütövlükdə dünyada yayılması məqsədi daşıyır. Bu
iş Qafqaz Müsəlmanları İdarəsi, xüsusilə də şeyxülislam Allahşükür
Paşazadə timsalında həyata keçirilir. QMİ-nin sədri bu yaxınlarda
ABŞ-da səfərdə olarkən həmin kitabları dini xadimlərə və
ictimaiyyət nümayəndələrinə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyibin
diqqətinə çatdırıb ki, Azərbaycanın gələn il ev sahibliyi edəcəyi
İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşü ərəfəsində Qafqaz
Müsəlmanları İdarəsi ilə Müsəlman Ağsaqqalları Şurasının
həmtəşkilatçılığı və digər təşkilatların iştirakı ilə müxtəlif
ölkələrin dini liderlərinin növbəti konfransı keçirəcək. Konfransda
islamdaxili dialoq və islamofobiya ilə mübarizə məsələləri əsas
müzakirə mövzusu olacaq.




Bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə tərəfindən
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş,
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT Baş
katibinin müavini Migel Anxel Moratinos bu konfransa dəvət
olunub.

Əl-Əzhər şeyxi öz növbəsində, konfransın birgə təşkil olunması
təklifini bir daha təsdiq edib və razılığını bildirib, tədbirdə
şəxsən iştirak etmək niyyətində olduğunu qeyd edib. O, Azərbaycana
və şəxsən Prezident İlham Əliyevə böyük rəğbət bəslədiyini,
ölkəmizə yenidən səfər etməyi səbirsizliklə gözlədiyini
vurğulayıb.

Əhməd Əl-Tayyib deyib ki, Azərbaycan Prezidentinin bu konfransın
keçirilməsinə xeyir-dua verməsi onun üçün çox vacibdir, dünya
liderləri arasında dövlətimizin başçısı İlham Əliyevə çox dəyər
verir və dərin hörmət bəsləyir.

Görüşdə vurğulanıb ki, qarşıdakı aylarda konfransa hazırlıqla
bağlı QMİ və Müsəlman Ağsaqqallar Şurası tərəfindən təşkilati
işlərə başlanacaq. Tərəflər, həmçinin iki dini qurum arasında
əməkdaşlığın uğurla davam etdirildiyini məmnuniyyətlə vurğulayıb,
gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Qiblə Əhlinə Çağırış” sənədi tərtib olunarkən
multikulturalizm ölkəsi olaraq Azərbaycanın məzhəblərarası,
dinlərarası birlik və anlaşma modeli nümunə kimi götürülüb.