Türkiyə sığorta bazarı üzrə yığımlar 30 milyard dollara çatacaq – Özgür Obalı

Baş səhifə

Bakı. Trend:

Türkiyə sığorta bazarına nəzər saldıqda görürük ki, bu bazar
kifayət qədər sabit və davamlı bir şəkildə böyüməyə davam edir.
Hazırda sektorda 68 sığorta şirkəti fəaliyyət göstərir. Bir neçə il
əvvəl bu rəqəm 70-dən çox idi, lakin son dövrlərdə bazarda
konsolidasiya meyilləri müşahidə olunur.

Trend xəbər
verir ki, bunu bu gün Türkiyə Sığorta Assosiasiyasının baş katibi
Özgür Obalı Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti
2025″də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Türkiyədə təxminən 34 milyon aktiv
sığortalı şəxs var: “Bu da sığortalanma potensialı olan əhalinin
təxminən yarısına bərabərdir. Aktiv olmayan (yəni passiv)
sığortalılar da daxil edildikdə, bu rəqəm 45 milyona qədər
yüksəlir.

Son 4 il ərzində ümumi sığorta haqları (primlər) ikiqat artaraq
2021-ci ildəki 14,4 milyard ABŞ dollarından 2025-ci ilin sonunda 30
milyard dollara çatması gözlənilir. 2024-cü ilin sentyabr ayı
etibarilə primlərdə illik təxminən 30% artım müşahidə olunub və bu
məbləğ 22,1 milyard dollara yüksəlib. Ümumi aktivlərin dəyəri 77,5
milyard dolları, təmin edilən ümumi zəmanət məbləği isə təxminən 22
trilyon dolları keçib. Bu göstərici ölkənin ümumi daxili məhsulunun
(ÜDM) təxminən 22 qatına bərabərdir.




Sığorta necə ki, insan üçün nəfəs qədər vacibdirsə, eyni şəkildə
Türkiyə iqtisadi ekosisteminin davamlılığı üçün də həyati əhəmiyyət
daşıyır”.

Ö. Obalı vurğulayıb ki, sığorta sektoru məşğulluq baxımından da
əhəmiyyətli rol oynayır: “Hazırda sektorda 27 500-dən çox şəxs
birbaşa şəkildə çalışır. Bundan əlavə, brokerlər, agentliklər,
şirkət əməkdaşları, xəstəxanalar, təmirxanalar və digər
tərəfdaşlarla birlikdə bu ekosistem ümumilikdə təxminən 350 min
nəfəri əhatə edir. Bu dinamik inkişaf Türkiyəni bölgə miqyasında
cəlbedici bir sığorta mərkəzinə çevirib.

Branşlara (yəni sığorta növlərinə) görə bölgüyə baxdıqda,
Türkiyə sığorta bazarının nisbətən balanslı bir struktur
göstərdiyini görmək olar. Hələ də kasko və icbari avtomobil
sığortası (MTPL və MOD) bazarda böyük paya malikdir, yəni ümumi
portfelin təxminən yarısını təşkil edir. Lakin bu pay tədricən
azalır ki, bu da müsbət tendensiya hesab olunur. Xüsusilə sağlamlıq
sığortası son illərdə rekord səviyyədə artım nümayiş etdirərək
bazarda əhəmiyyətli pay qazanıb. Bu da sığorta sektorunun gələcəyi
ilə bağlı ümidləri artırır”.

“Sığortanın satış kanallarına baxdıqda isə, xüsusilə həyat
sığortası xaricindəki sahələrdə hələ də agentliklərin dominant rolu
qalmaqdadır. Ümumi primlərin yarıdan çoxu hələ də agentlər
vasitəsilə, yəni klassik metodlarla toplanmağa davam edir”, – deyə
Ö. Obalı vurğulayıb.