
Bakı. Trend:
Azərbaycan əsilli amerikalı musiqişünas, pedaqoq, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Aida Hüseynovanın yaradıcılığına həsr olunan
“Musiqi körpülərinin qurulması. Tədqiqatlarla və alimlərin birliyi
ilə” adlı onlayn konfrans başa çatıb.
Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF)
təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, ABŞ, Yaponiya,
Böyük Britaniya, Rusiya və Kanadadan olan alim və tədqiqatçılar
iştirak ediblər.
Konfransın açılışında Azərbaycan-Amerika Musiqi Fondunun
təsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Şpitsberq çıxış
edərək Aida Hüseynovanın zəngin elmi fəaliyyətindən və
yaradıcılığından danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev
tədbirin mədəniyyətlərarası musiqi dialoquna verdiyi töhfəni yüksək
qiymətləndirib və iştirakçılara uğurlar arzulayıb.
Ümumilikdə 80-dən çox şəxsin qatıldığı tədbirdə “Aida Hüseynova
– Ən Yaxşı Məqalə Mükafatı” uğrunda yarış keçirilib. Qiymətləndirmə
nəticəsində ən yaxşı məqalə müəllifləri seçilib. Birinci yerə Rena
Fəxrəddova və Tina Mohandas, ikinci yerə Aleksandriya Sultan fon
Bruseldorf və Humay Əhmədova, üçüncü yerə isə Aleksey Rumyantsev və
Behrang Nikaeen layiq görülüblər. Həvəsləndirici mükafat Polina
Desyatniçenkoya təqdim olunub.
Qeyd edək ki, Aida Hüseynova “Azərbaycan Musiqisi: Muğamdan
Operaya” (Indiana Universiteti Nəşriyyatı) adlı fundamental
monoqrafiyanın müəllifidir. Bu əsər Azərbaycan klassik musiqisi
haqqında ingilis dilində yazılan yeganə əhatəli tədqiqat əsəri kimi
böyük elmi və mədəni əhəmiyyət daşıyır.


