ADY və Çinin Sian Limanı arasında yeni Anlaşma Memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının Sian
şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüş keçirib.

ADY-dən Trend-ə verilən məlumata görə, görüşdə Prezident İlham
Əliyevin 2025-ci ilin aprel ayında Çinə səfərinin Azərbaycan – Çin
əlaqələrinin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

Qeyd olunub ki, səfər zamanı iki ölkə arasında hərtərəfli
strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat,
həmçinin beynəlxalq multimodal daşımalar və “Kəmər və Yol
Təşəbbüsü”nün birgə təşviqi haqqında imzalanmış sazişlər nəqliyyat
və logistika sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün
möhkəm zəmin yaradıb.

Həmçinin Orta Dəhlizin inkişafı üzrə ADY və Çin
nəqliyyat-logistika şirkətləri və limanları arasında əməkdaşlığın
səviyyəsindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın daha da
genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və
dəhlizlə yük axınlarının artırılması məqsədilə ADY və Çinin Sian
Limanı sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın inkişaf etdirilməsi
istiqamətində iyulda ADY-nin Sian Limanında nümayəndəsi təyin
edilib və illik yükaşırma gücü 20,000 TEU olan konteyner meydançası
açılıb. Eyni zamanda ADY nümayəndələri sürətli məlumat mübadiləsi
üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilib.

Qeyd edilib ki, ADY bu ilin 9 ayı ərzində 296 blok-qatar, o
cümlədən 113 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 39% artım deməkdir. Analoji dövrdə ümumilikdə
103,134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq
dövrünün göstəricisindən (86,413) təxminən 20 faiz çoxdur.

Görüş çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və Çinin Sian
Limanı arasında Anlaşma Memorandumu imzalanıb.




ADY sədrinin müavini Arif Ağayev və “Xi’an International Port
Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə
beynəlxalq yükdaşımalar üzrə əlverişli mühitin yaradılması,
rəqəmsallaşma sayəsində xidmət keyfiyyətinin artırılması və “Kəmər
və Yol Təşəbbüsü” çərçivəsində Orta Dəhliz boyunca multimodal
nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlər
nəzərdə tutulur.

Tərəflər Anlaşma Memorandumunu imzalamaqla konteyner
qatarlarının təşkili və istismar qaydalarının optimallaşdırılması,
yüklərin daşınma müddətinin təkmilləşdirilməsi, Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının
artırılması, dəhliz boyu dəmir yolu və liman infrastrukturunun
modernləşdirilməsi o cümlədən Xəzər dənizində yüklərin daşınması
mexanizminin təkmilləşdirilməsi, Bakı – Tbilisi – Qars dəmir yolu
xəttinin funksionallığının genişləndirilməsi, bu xəttin Türkiyə və
Avropanın dəmir yolu şəbəkələri ilə əlaqəsinin daha səmərəli
təşkili, Orta Dəhliz boyunca nəqliyyatın dayanıqlı inkişaf planının
hazırlanması, daha çox tranzit yüklərin cəlbi və daşımaların
həcminin artırılması istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək
barədə razılığa gəliblər.

Həmçinin yükdaşımaların real vaxt rejimində monitorinqi
məqsədilə elektron məlumat mübadiləsi sisteminin hazırlanması və
tətbiqi barədə razılıq əldə olunub.

ADY və Sian Limanının rəhbərliyi logistika infrastrukturuna
birgə investisiya, birgə tikinti layihələrinin icrası və
infrastrukturdan birgə istifadə modellərini fəal şəkildə
araşdıracaqlarını bəyan ediblər.

Bundan başqa, tərəflər Orta Dəhliz boyunca yerləşən ölkələrdə
müştərilərə yüksək səmərəli yükdaşıma xidmətləri göstərmək üçün Çin
və ya Azərbaycanda sadələşdirilmiş biznes modeli əsasında şirkətin
yaradılmasında maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, Çinin mərkəzində yerləşən Sian Limanı quru ərazidə
olsa da, beynəlxalq ticarətə qapı funksiyası daşıyır, daxili
bölgələr üçün dəniz limanlarına çıxış nöqtəsi rolunu oynayır. Sian
Limanı Çinin qərb və mərkəzi bölgələrini Mərkəzi Asiya, Avropa və
Yaxın Şərqlə birləşdirən dəmir yolu marşrutlarının əsas qovşağıdır.
Bu liman vasitəsilə Çinin daxili bölgələrindən Avropaya, əsasən,
elektronika, tekstil və kənd təsərrüfatı məhsulları ixrac olunur,
eyni zamanda Avropadan və Mərkəzi Asiyadan enerji resursları,
kimyəvi məhsullar və sənaye avadanlıqları idxal edilir.