
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti beynəlxalq əməkdaşlıq
istiqamətində daha bir mühüm nailiyyət əldə edib. Fulbright
proqramı çərçivəsində AzMİU-da fəaliyyət göstərən Caroline Lavoie
tərəfindən həyata keçirilən tədris və tədqiqat fəaliyyəti
universitetin beynəlxalq layihələrində yeni bir mərhələnin əsasını
qoyub. Layihə AzMİU-nun Xarici Əlaqələr Şöbəsi ilə Memarlıq
Layihələndirilməsi və Şəhərsalma kafedrasının birgə təşkilatçılığı
ilə reallaşdırılıb. Fulbright mütəxəssisi Caroline Lavoie ilə
yanaşı, layihənin icrasında universitetin müəllimləri Yeganə
Kərimli, Şəhla Qəhrəmanova, Şeyda Novruzzadə və Səttar Kərimli də
yaxından iştirak edərək tələbələrin beynəlxalq akademik mühitdə
təcrübə qazanmasına töhfə veriblər.
Fulbright mütəxəssisi kimi AzMİU-da fəaliyyət göstərən Caroline
Lavoie, universitetdəki fəaliyyətinin davamı olaraq, Amerikanın
Utah Dövlət Universitetinin Landşaft Memarlığı və Ətraf Mühitin
Planlaşdırılması kafedrası ilə AzMİU tələbələrinin birgə
vorkşopunun keçirilməsinə təşəbbüs göstərib. Bu layihə bu
yaxınlarda Amerika Landşaft Memarları Cəmiyyəti (ASLA) və Amerika
Planlaşdırma Assosiasiyası (APA) tərəfindən mükafatla təltif
olunub.
Beynəlxalq vorkşop həm canlı, həm də onlayn formatda həyata
keçirilib. Tədbirdə Utah Dövlət Universitetinin Landşaft Memarlığı
və Ətraf Mühitin Planlaşdırılması kafedrasının 4-cü kurs bakalavr
tələbələri AzMİU-nun müəllim və tələbələri ilə birgə çalışıblar.
Seminarın əsas mövzusu şəhər dizaynı, Bakının mərkəzi tarixi
məhəllələrinin və yaşayış mühitinin regenerasiyası, eləcə də tarixi
toxumanın qorunması, memarlıq və mədəni irsin mühafizəsi məsələləri
olub. Təqdimatlarda eyni zamanda gələcək urbanistik inkişaf və
müasir şəhər problemlərinin həlli yolları da davamlı inkişaf
kontekstində müzakirə edilib.
Layihənin ASLA və APA tərəfindən mükafatlandırılması AzMİU-nun
beynəlxalq akademik nüfuzunun artdığını və universitetin tələbə və
müəllimlərinin qlobal miqyasda tanınmağa başladığını göstərir. Bu
uğur həm AzMİU-nun beynəlxalq əlaqələr sahəsindəki fəallığının, həm
də Azərbaycan memarlıq təhsilinin dünya elmi mühitinə
inteqrasiyasının bariz göstəricisidir.


