bp dərinsulu quyulara müdaxilə sahəsində ən qabaqcıl texnologiyanı Xəzərə gətirir

Baş səhifə

Bakı. Trend:

bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin
operatoru kimi dünya neft və qaz sənayesinin ən müasir
texnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Bu
səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatı
gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın
istismar müddətini uzatmaqdır.

Bu məqsədə uyğun olaraq, bp Dərinsulu Günəşli ərazisində bir çox
quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu
işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya
dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq.
Blue Ocean dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu
texnologiya Oceaneering International şirkətinin sualtı mexaniki
tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma
təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi
imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan
verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə
çıxarılmasına kömək edəcək.

Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı
müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu
proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən –
gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu o
deməkdir ki, QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək və
bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq.
“Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun
texniki baza kimi seçilib.

bp şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq
iki əsas müqavilə imzalayıb:

QDYM xidmətləri üçün Oceaneering International şirkəti ilə
çoxmilyonluq müqavilə. Bu müqaviləyə BORİS sisteminin gəmidə
yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin
layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin
inteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların,
materialların və inşa işlərinin təmin edilməsi daxildir.




QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti ilə
çoxmilyonluq müqavilə. Bu müqaviləyə ağır yüklərin qaldırılması
işlərini ləğv etmək və “qırmızı zona”nın idarə olunmasını
sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun
təmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqli
nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə
də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin
edilməsi daxildir.

Bu proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadək
başlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyu
əməliyyatları üzrə vitse-prezidenti Rassel Morris:

“Hesab edirik ki, QDYM texnologiyası – xüsusilə də Dərinsulu
Günəşli ərazisindəki quyulara BORİS sisteminin tətbiqi – bizə
sualtı suvurma quyularını daha yaxından izləməyə, lay təzyiqinin
idarə olunması və hasilatın gücləndirilməsi üçün ən perspektivli
imkanları müəyyən etməyə imkan verəcək. bp-nin qlobal
əməliyyatlarında həyata keçirdiyimiz oxşar proqramlardakı
təcrübəmizdən istifadə etməklə Xəzərdə ilk dəfə tətbiq edəcəyimiz
gəmidən aparılacaq quyu müdaxilələrindən çox faydalanacağımıza
inanırıq. Bu, qazma qurğularından asılılığımızı azaldacaq və
imkanların erkən aşkarlanmasını mümkün edəcək. Bütün bunlar bizim
sualtı əməliyyatlar aparmaq qabiliyyətimizi və imkanlarımızı xeyli
artırır və Xəzərdə sualtı quyularların idarə olunması işlərində
yeni səhifə açır.”