Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Moody’s” Fransa üçün gözlənilən
qərarını açıqlayıb. Agentlik ölkənin kredit reytinqini dəyişmədən
saxlayıb, lakin proqnozunu “sabit”dən “mənfi”yə endirib. Qərar
Fransa hökumətinə hələlik bir qədər rahat nəfəs almaq imkanı versə
də, ciddi bir xəbərdarlıq xarakteri daşıyır.
Trend xəbər verir ki,
“Moody’s”in qərarı, “Fitch” və “Standard & Poor’s” (S&P) kimi
digər beynəlxalq reytinq agentliklərinin son aylarda Fransa
reytinqini endirməsindən sonra diqqətlə izlənilirdi. Bir çox
analitik “Moody’s”dən də oxşar addım gözləyirdi, lakin agentlik
ölkənin reytinqini AA3 (yaxşı keyfiyyətli borc kateqoriyası)
səviyyəsində saxlayıb. Bununla belə, proqnozun “mənfi”yə
endirilməsi ölkənin maliyyə və siyasi sabitliyinə dair artan
risklərin göstəricisidir.
Fitch (12 sentyabr) və S&P (ötən həftə) artıq Fransa
reytinqini A+ səviyyəsinə, yəni “orta-yüksək keyfiyyətli borc”
kateqoriyasına endirib.
“Moody’s” qərarını əsaslandıraraq bildirib ki, bu dəyişiklik
Fransada idarəetmə və institusional sabitliyin zəifləməsi ilə bağlı
artan riskləri əks etdirir. Agentlik Fransa siyasi sistemində
davamlı parçalanma təhlükəsinin mövcud olduğunu qeyd edir. “Əgər
hökumət iqtisadi problemləri effektiv şəkildə tənzimləyən qanunlar
qəbul edə bilməzsə, bu, ölkənin institusional dayanıqlığını
zəiflədəcək”, – deyə “Moody’s” xəbərdarlıq edib.
Agentlik həmçinin bildirir ki, xərcləri azaltmaq və gəlirləri
artırmaq üçün effektiv tədbirlər görülmədiyi təqdirdə, büdcə kəsiri
gözləniləndən daha geniş və davamlı ola bilər.
Fransanın iqtisadiyyat, maliyyə və sənaye suverenliyi naziri
Roland Lekür “Moody’s”in qərarını nəzərə aldıqlarını bildirib və
büdcə kompromisi üçün kollektiv yol tapmağın vacibliyini
vurğulayıb.
Nazir əlavə edib ki, hökumət 2025-ci il üçün ÜDM-in 5,4 faizi
səviyyəsində nəzərdə tutulan büdcə kəsiri hədəfinə sadiq qalır və
2029-cu ilə qədər bu göstəricini 3 faizdən aşağı salmaq
niyyətindədir. Bununla yanaşı, hökumət iqtisadi artımı qorumağa da
qərarlıdır.
“Moody’s”in qərarı Fransa üçün hələlik reytinqin endirilməsinin
qarşısını alsa da, “mənfi” proqnoz büdcə intizamı, siyasi sabitlik
və islahatların davam etdirilməsi baxımından ciddi
xəbərdarlıqdır.
Analitiklər bildirirlər ki, növbəti aylarda Fransa parlamentində
aparılacaq büdcə müzakirələri və islahatların tempi ölkənin gələcək
reytinqinə birbaşa təsir göstərəcək.

