Bakı. Trend:
İsveçin Yevle şəhərinin Bryunes rayonunda atışma nəticəsində bir
neçə nəfər yaralanıb.
Trend xəbər verir ki, hadisə
parkın yaxınlığında baş verib. Polis ərazini mühasirəyə alaraq
genişmiqyaslı əməliyyat aparır. Hüquq-mühafizə orqanlarının verdiyi
məlumata görə, bir neçə atəş açılıb. Yaralıların dəqiq sayı və
xəsarət dərəcəsi hələ müəyyənləşdirilməyib. “Bir neçə yaralımız
var, ərazi mühasirəyə alınıb, istintaq davam edir”, – deyə polisin
mətbuat katibi Maqnus Yansson Klarin bildirib.
SVT telekanalının məlumatına görə, atışma zamanı bir nəfər həlak
olub. Polis məlumatı şərh etməkdən imtina edir.
Polis şübhəlilərin axtarışını həyata keçirir. Hələlik heç kim
saxlanılmayıb. Hadisə şahidləri yerli mediaya bildiriblər ki, atəş
səsləri fişəng səslərinə bənzəyirdi. Gənc bir adam hadisə yerindən
təcili tibbi yardım maşını ilə aparılıb.
Üç həftə əvvəl Yevlenin mərkəzində baş vermiş başqa bir atışmada
altı nəfər yaralanmışdı. O zaman polis 13 yaşlı yeniyetməni
saxlamışdı.
Polis nümayəndəsinin sözlərinə görə, hazırda əhali üçün təhlükə
yoxdur, lakin sakinlərə diqqətli və ehtiyatlı olmaları tövsiyə
olunur.

