Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

25 oktyabr Azərbaycan tarixinin unudulmaz səhifələrindən
biridir. Bu gün biz təkcə bir şəhərin işğaldan azad edilməsini
deyil, həm də 44 günlük Vətən müharibəsinin gedişində böyük dönüş
yaradan tarixi bir mərhələni qeyd edirik.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.

O bildirib ki, Qubadlı şəhəri strateji baxımdan mühüm mövqedə
yerləşdiyi üçün onun azad olunması həm əməliyyat planına, həm də
müharibənin ümumi gedişatına böyük təsir göstərib.

“Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb
edirdi. Şəhər və ətraf kəndlər düşmən tərəfindən möhkəmləndirilmiş
istehkamlarla qorunurdu. Düşmən hərbi birləşmələrini yüksək dağ
mövqelərində yerləşdirmişdi və buradan ordumuzun hərəkət
istiqamətlərinə müntəzəm atəş açırdı. Lakin Azərbaycan əsgəri
qarşısında bu istehkamlar da tab gətirmədi. Əvvəlcə strateji
yüksəkliklər ələ keçirildi, ardınca Xanlıq, Padar, Sarıyataq kimi
kəndlər düşməndən təmizləndi. Nəhayət, 25 oktyabr 2020-ci ildə
Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq orada
dövlət bayrağımızı ucaltdı”.

Millət vəkilinin fikrincə, Qubadlı əməliyyatının uğurla başa
çatması, əslində, Zəngilan və Laçın istiqamətlərində də növbəti
qələbələrin əsasını qoydu:

“Məhz Qubadlının azad olunması ilə Azərbaycan Ordusu həm
Qarabağın cənub-qərb hissəsində strateji nəzarəti təmin etdi, həm
də Ermənistan ordusunun logistika xətlərini tam çökdürdü. Düşmənin
müqavimət gücü qırıldı, onun müdafiə sistemində ciddi boşluqlar
yarandı. Bu isə müharibənin son mərhələsinə – Şuşa əməliyyatına
doğru gedən yolda çox vacib addım idi. Ölkə Prezidenti, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu
əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu dünyanın ən
peşəkar və müasir ordularından biridir. Ordumuzun yüksək döyüş
ruhu, texniki təchizatı və taktiki hazırlığı bu uğurun
qazanılmasında əsas amillərdən oldu.

Qubadlı uğrunda döyüşlərdə iştirak edən igid hərbçilərimizin
qəhrəmanlıqlarının əbədiləşdirilməsi məqsədilə dövlət başçısının
müvafiq Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı
təsis edilib. Bu medal təkcə fərdi igidliyin deyil, həm də xalqın
birliyinin, vətənpərvərlik ruhunun rəmzidir. Bu gün 25 oktyabr –
Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Ölkə Prezidenti cənab İlham
Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu
tarix Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir. Qubadlı
şəhəri günü hər bir azərbaycanlı üçün qürur, fərəh və minnətdarlıq
günüdür”.