Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Baş səhifə

Bakı. Trend:

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin 5-ci
ildönümüdür.

Trend xəbər
verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də
başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə
2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad
edilib.

İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən
Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və
cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu
əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı
rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.

Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya
yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və
qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda,
Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı,
rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq,
Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli,
Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı,
Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu
bəyan edib.

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli
döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu
geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı
əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və
texnikası məhv edilib.

Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə”
medalı da təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi
qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif
olunub.

Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər
işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb,
dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə
qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin
təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib,
meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.