
Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində Avropanın müxtəlif ölkələrindən
peşəkar idmançıların iştirakı ilə beynəlxalq boks çempionatı
keçirilib. Yarışda Almaniya, Çexiya, Rumıniya, Böyük Britaniya və
Macarıstandan olan boksçular gərgin mübarizə aparıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Çempionatın əsas
qarşılaşması Maqdeburq şəhərində təsis edilən Ulu Öndər Heydər
Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) dünya kəməri uğrunda baş
tutub. Həlledici döyüşdə almaniyalı Yastin Şmager macar Ruben Romai
ilə qarşılaşıb.
O, doqquzuncu raundda rəqibini nokdaunla məğlub edərək WBCA-nın
orta çəki dərəcəsi üzrə dünya kəmərinə sahib olub.
Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitənin dəstəyi ilə
fəaliyyət göstərən Diaspor Boks Liqasının (DBL) rəhbəri Yaşar
Niftəliyev mükafatlandırma mərasimində bu nüfuzlu turnirin 18
Oktyabr – Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin rəmzi
məna daşıdığını vurğulayıb.
Xatırladaq ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci
ildə Almaniyanın Maqdeburq şəhərində Yaşar Niftəliyev və Karl Heins
Kräftın təşəbbüsü ilə təsis olunub. Təşkilatın məqsədi Ulu Öndər
Heydər Əliyevin idmanla bağlı tövsiyələrini həyata keçirmək,
müxtəlif ölkələrdə yaşayan azərbaycanlı idmançıları bir araya
gətirmək, onların digər millətlərdən olan həmkarları ilə dostluq
əlaqələrini möhkəmləndirmək, eləcə də Ümummilli liderin adını
daşıyan kəmərləri dünyanın ən nüfuzlu boks mükafatları sırasına
çıxarmaqdır.


