Dövlət Komitəsində kollegiya iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsində növbəti kollegiya iclası keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, bu il beşinci ildönümü
qeyd olunacaq Böyük Zəfərdən dərhal sonra işğaldan azad edilmiş
ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanmış
bərpa-quruculuq işlərinin hazırda daha da genişləndirildiyini,
həmin ərazilərə Böyük Qayıdışın uğurla həyata keçirildiyini
vurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev artıq bölgəmizdə
möhkəm və davamlı sülhün təməlinin qoyulduğunu diqqətə
çatdırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin sülh təşəbbüslərinin
Azərbaycanın hərtərəfli inkişafına güclü təkan verdiyi
bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş
ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının
daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa
hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi
doğurur.




Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının
prioritet istiqamətləri üzrə tədbirlərin, işğaldan azad edilmiş
ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə
qayıdışın təşkili və gedişi, məcburi köçkünlərə göstərilən kommunal
xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, statusla
bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, komitənin Mənzil
İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış
mövsümünə hazırlıq və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq
struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar,
rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin
tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi
üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq
bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü,
təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən
kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin
olunmalıdır.

Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar
qəbul olunub və tapşırıqlar verilib.