“Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyində
fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi
Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakı
şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal
çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq
simpoziumun bağlanış mərasimi keçirilib.

Trend xəbər
verir ki, bağlanış nitqi ilə çıxış edən Aİİ-nin rektoru Aqil
Şirinov ikigünlük simpoziumun önəmli mövzuya həsr olunduğunu
söyləyərək, tədbirdə iştirak edən elm adamlarına təşəkkür edib.
Qeyd edib ki, tədbirdə din təhsili sahəsində məruzələr dinlənilib,
müasir dünyada din modelləri haqqında aparılan müzakirələr din
təhsili sahəsində daha uyğun modellərin təqdim edilməsinə öz
töhfəsini verəcəkdir.

Rektor vurğulayıb ki, müzakirələrdən də məlum oldu ki, dini
biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir
dövrün reallıqları da nəzərə alınaraq cəmiyyətə çatdırılmalıdır.
Bildirib ki, din təhsilinin düzgün aparılması dinin özünü
təhriflərdən qoruyacaq, milli-mənəvi vəhdətin təmin edilməsinə
töhfə verəcək, cəmiyyəti radikal dini tendensiyalardan
sığortalayacaq.

Daha sonra çıxış edən MDTF-nin icraçı direktoru Vüsal Göyüşov
beynəlxalq simpoziumun müxtəlif ölkələrdən gələn alimlərin,
ekspertlərin və mütəxəssislərin dərin təcrübələrinin paylaşılması
üçün unikal platforma olduduğunu vurğulayıb. Qeyd edib ki,
alimlərin çıxışlarından da aydın oldu ki, hər bir ölkənin
özünəməxsus din təhsili modeli mövcuddur. Bununla yanaşı, ortaq
dəyərlərimiz də kifayət qədər çoxdur.




V. Göyüşov deyib ki, ölkəmiz qədim dini-mədəni irsi,
multikultural və tolerant mühiti ilə bu mövzularda regional və
qlobal əməkdaşlıq sahəsində aparıcı rol oynayır. Belə tədbirlər
yalnız nəzəri müzakirələrlə məhdudlaşmır, həm də praktik
araşdırmaların, yeni layihələrin, elmi tədqiqatların əsasını
qoyur.

Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru Zəkəriyyə
Akman beynəlxalq simpoziumda iştirak edən 14 xarici ölkə
iştirakçısı adından təşkilatçılara – Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinə və tabeliyindəki qurumlara təşəkkürünü bildirib. Qeyd
edib ki, beynəlxalq simpozium din təhsili sahəsində yalnız elmi
müzakirələr deyil, həm də təcrübələrin paylaşılması baxımından
unikal bir platforma oldu.

Sonda məruzəçilərə sertifikatlar və hədiyyələr təqdim
olunub.

Qeyd edək ki, “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və
qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq
simpoziumda Azərbaycan da daxil olmaqla 15 ölkədən 70-dək
mütəxəssis alim iştirak edib. Beynəlxalq simpoziuma təqdim edilən
məqalələr kitab şəklində çap olunacaq.