Avropa regionunda heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Avropa
İttifaqının və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Avropa regionunda
heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası
keçirilir.

Trend xəbər
verir ki, tədbirin əsas məqsədi sözügedən platforma üzrə
2024–2026-cı illər üçün nəzərdə tutulmuş 4-cü Fəaliyyət Planının
əvvəlki iclaslarda qəbul edilmiş qərarlarının icrasını nəzərdən
keçirmək və növbəti fəaliyyət planının prioritetlərini
müəyyənləşdirməkdir.

AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva regionda heyvan rifahı
sahəsində milli və beynəlxalq aktorları bir araya gətirmək
baxımından iclasın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə,
Agentlik həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti
daim diqqət mərkəzində saxlayır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi
rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində
heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində
intensiv işlər aparılır.




AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin
müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi, ÜHST-nin
Avropa üzrə Regional Komissiyanın vitse-prezidenti Qalib
Əbdüləliyev Azərbaycanda vahid sağlamlıq tədbirləri, heyvanların
rifahı sahəsində görülən işlər barədə məlumat verib.

Q.Əbdüləliyev qeyd edib ki, görülən işlərin nəticəsində ölkəmiz
2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və
yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni
zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və
donuzların afrika taunu xəstəliyindən azad status qorunub
saxlanılır.

ÜHST-nin Parisdə yerləşən Baş Qərargahı, Brüsseldə və Tokioda
yerləşən regional ofisi, Avropa Komissiyasının Səhiyyə və Qida
Təhlükəsizliyi üzrə Baş Direktorluğunun əməkdaşları və Portuqaliya,
İtaliya, İsrail, İsveçrə Konfederasiyasının nümayəndələrinin
iştirak etdiyi iclasda heyvanların kəsilməsi, sahibsiz itlərin
populyasiyasının idarə edilməsi, heyvanların nəqli, təbii
fəlakətlərin idarə edilməsi və işlək atkimilərin rifahı kimi
məsələlər müzakirə olunur.