Xaqani küçəsində mikromobillik zolağının təşkilinə başlanılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı
şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi
istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına
nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət
iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin
etməkdir.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, kəsintisiz mikromobillik zolağının təşkili üçün
mərhələli qaydada velosiped yolları əlaqələndirilir.




Görülən işlər çərçivəsində daha əvvəl Xaqani küçəsinin Kövkəb
Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsinədək təşkil
edilən mikromobillik şəbəkəsi hazırda Rəşid Behbudov küçəsi ilə
kəsişməyə qədər uzadılır.

Bununla da Xaqani küçəsində olan zolaqlar Bülbül prospektindəki
zolaqlarla əlaqələndirilir. Görülən işlər çərçivəsində müvafiq
nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının
və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.