
Bakı. Trend:
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) 4-cü rüblük
iclasları keçirilir. 4 günlük toplantı çərçivəsində Tədqiqat
Komitəsinin iclasları təşkil edilib. İclaslarda 42 üzv ölkə təmsil
olunub ki, bu da Komitənin tarixində ən yüksək göstəricidir.
Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxışında
Azərbaycanın toplantıya ev sahibliyini yüksək qiymətləndirib. Baş
katib ITF-in fəaliyyətinə dair hesabat təqdim edib, həyata
keçirilən proqramlar, araşdırmalar və beynəlxalq əməkdaşlıq
istiqamətləri barədə məlumat verib.
Daha sonra iştirakçılar 2024 – 2025-ci illər üzrə görülən işləri
qiymətləndiriblər. Azərbaycan tərəfi ITF-in hesabatının ölkələr
üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Həmçinin 2026 – 2027-ci illər üçün Tədqiqat Komitəsinin İş
Proqramının layihəsi müzakirə olunub. Üzv ölkələr gələcək tədqiqat
istiqamətləri üzrə fikir mübadiləsi aparıblar və prioritet
sahələrin müəyyənləşdirilməsinə dair təkliflər səsləndiriblər. İş
Proqramında Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentlik
dövrü üçün beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması
və şəhər nəqliyyatının inkişafına dair iki tövsiyə təqdim
olunur.


